Xarici turistlər rayonlarımıza maraq göstərmir

 

Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız paytaxt Bakıda qalmağa üstünlük verir. Statistik məlumatlara əsasən, bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda,  4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. Bütövlükdə isə ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub.

Maraqlıdır, əcnəbi turistlərin regionlara maraq göstərməməsi nədən qaynaqlanır? Xarici vətəndaşlar Azərbaycanın turizm bölgələrini yaxşı tanımırlar, yoxsa keyfiyyət onları qane etmir?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, regional turizmin inkişafı ləngiyir, buna səbəb bölgələrdəki mövcud şərait və qiymətlərdir:

“Azərbaycan müharibə şəraitində olanda ölkəmizin əleyhinə təbliğat gedirdi. Elə bilirdilər ki, müharibə davam edir, Azərbaycana getmək olmaz. Guya bura təhlükəlidir. Bu gün də belə tendensiyalar var. Bu da erməni təbliğatının, ermənipərəst qüvvələrin yaydığı məlumatlardır. Ona  görə də Azərbaycana gələn turistlərin sayı azdır. Bakı sürətlə inkişaf edir, dünyanın öndə olan şəhərlərindən biridir, burada turizmin inkişafı üçün şərait yaradılıb”.

Deputat, həmçinin bildirib ki, maarifləndirmə tədbirləri həyata keçirilsə, yaxın zamanlarda regionlarda turizmin inkişafına nail ola bilərik:

“Regionlarda turizmin inkişafı sahəsində görülən tədbirlər  qənaətbəxş deyil. İlk olaraq ximət məsələsini qeyd edək. Turistləri qane etməyən qiymətlər təklif olunur. Xidmət sahələrində nöqsanlar var, turistlərin yaxşı istirahəti üçün yüksək səviyyədə şərait yaradılmayıb. Digər tərəfdən həmin ərazilərin təbliğatı sahəsində problemlər mövcuddur. Yaxşı təbliğ olunmur. Biz xarici ölkələrin turizm təcrübəsinə baxırıq, adi bir yeri müxtəlif şəkildə elə gözəl təbliğ edirlər ki, insanların ora getmək, görmək marağı artır. Ancaq bizdə hansısa tarixi abidə, mənzərəli yerlə bağlı düzgün təbliğat aparılmır. Xarici turistlərə düzgün məlumat çatdırılmır. Ona görə də regionlara gedən turistlərin sayı azdır. Amma Azərbaycanda turizm sahəsinin inkişafı üçün böyük potensial var. Mütləq şəkildə xarici təcrübə öyrənilməli, maarifəndirmə tədbirləri genişləndirilməlidir. Yerlərin tarixi, ənənələri, şəraiti, iqlimi haqqında xarici ölkə vətəndaşlarına ətraflı məlumat verilməlidir. İnsanlar məlumatsız olanda həmin yerlərə maraqları da qalmır”.

Parlamentari regional turizmin inkişafında Türkiyə nümunəsini diqqətə çatdırıb:

“Bu gün dünyanın ən çox turist gedən şəhərlərindən biri  Antalyadır. Elə məlumat verirlər, gözəl şərh edirlər ki, insanlarda maraq yaranır. Turistlər də ilk növbədə istəyir ki, tarixi abidə, mənzərəli yerlər, çaylar, göllər görsünlər. Artıq Kəlbəcərimiz, Laçınımız azaddır. O yerlər turizmin inkişafı üçün unikaldır. Düşünürəm ki, 1-2  ildən sonra Azərbaycan turizm sahəsində ən inkişaf  edən ölkələrdən birinə çevriləcək”.

Turizm eksperti Ceyhun Aşurov isə Azərbaycana gələn turistlərin sayının azalmasını quru sərhədlərinin bağlı olması ilə əlaqələndirib.

“Ölkəyə gələn turistlər səfər müddətinin 2/3-ni paytaxtda qalmağa üstünlük verirlər. Bunun bir səbəbi də quru sərhədlərinin bağlı olmasıdır. Turistlərin əksəriyyəti hava nəqliyyatı ilə ölkəyə daxil olur. Azərbaycanda bir neçə beynəlxalq hava limanı olmasına baxmayaraq, sərnişindaşımaların əksəriyyəti Bakıdan həyata keçirilir. Ölkəyə gələn turistlər ilk olaraq paytaxta üz tuturlar, bir neçə gün keçirdikdən sonra regionlara gedirlər. Yəni ölkəyə gələn və gedən turistlər üçün Bakıya gəlmək zərurəti yaranır. Bu, o demək deyil ki, regionlarda adam yoxdur. Regionlara həm turistlər, həm də öz vətəndaşlarımız səfərlər edir. Regionlara mövsümlə əlaqəli olaraq kifayət qədər tələbat var. Qiymətlər tələbata uyğun tənzimlənir”, – ekspert əlavə edib.

Jalə Rövşən

 

Share: