“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi təlimlər Cənubi Qafqazda qonşu ölkələrə qarşı yönəlməyib”.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani həftəlik mətbuat konfransında bildirib.
“Silahlı qüvvələrimizin bölgədəki təlimləri heç bir qonşu dövlətə qarşı yönəlməyib. İranın hərbi təlimləri ilə bağlı artıq ölkələr bildiriş alıb. İranın siyasi və hərbi rəsmiləri son hərbi təlimlər haqqında danışıb və onun məqsədlərini açıqlayıblar. Təlimlər əvvəlcədən planlaşdırılıb və İran Silahlı Qüvvələrinin periodik təlimləri əsasında həyata keçirilir. Bu baxımdan İran təlimlərinin mesajını almalı olanlar, başqa sözlə desək, bu təlimlərin birbaşa auditoriyası olanlar təbii ki, mesajı aldılar və alacaqlar”, – deyə İran XİN dolayısı ilə Azərbaycan mesaj göndərib.
Xatırladaq ki, oktyabrın 17-də İran İslam İnqilabı Keşikçiləri Korpusu Araz çayı boyu quru qoşunlarının hərbi təlimlərinə başlayıb. Təlimlər zamanı qoşunlar helikopter, gecə hücum əməliyyatı, rabitə xətlərinin ələ keçirilməsi və nəzarət altına alınması əməliyyatını həyata keçirib.