XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB…

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) İranla sərhəd ərazilərdə hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata görə, XTQ komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb.

 

Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.

 

Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.

 

XTQ-nin İranla sərhəddə təlimlərə start verməsi geniş müzakirələrə səbəb olub. Bir çox şəxslər hesab edir ki, xüsusi təyinatlıların sərhədə aparılması İranın Araz çayı sahilində Azərbaycana qarşı təxribat məqsədilə keçirdiyi təlimlərə cavab, həm də ölkəmizə düşmən mövqe sərgiləyən qüvvələrə ciddi mesajdır.

 

Bəs, hərbi ekspertlər bu barədə nə düşünürlər? XTQ-nin sərhəd təlimləri nədən xəbər verir?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrin sərhəddə keçirilən təlimi əvvəlcədən planlaşdırılıb. Ona görə də, burada hansısa mesaj axtarmaq lazım deyil:

 

“Amma belə təlimlərlə Azərbaycan öz qonşularına, yaxud təlimlərin gedişi ilə bağlı maraqlanan tərəflərə güc və imkan sahibi olduğunu çatdırır. Bu cür elementlər var. Ancaq Azərbaycan heç vaxt birbaşa İrana güc göstərmək məqsədində olmayıb. İran bizə qonşudur və böyük dövlətdir. Həmişə Azərbaycan İrana qonşu kimi hörmətlə yanaşıb”.

 

Son günlər İranla yaşanan gərginliyə gəlincə, ekspert bundan öncə də belə halların yaşandığını söyləyib:

 

“İranla Azərbaycan arasında dəfələrlə gərginlik olub. İran yaranmış vəziyyətdən nəticə çıxarıb. İndiki halda da İranın   hansısa kobud səhvə yol verəcəyini düşünmürəm. Doğrudur, İran yerində olmayan hərəkətlər edir. Yetənə yetir, yetməyənə daş atır. İndiki şəraitdə heç Azərbaycana, başqa ölkəyə ehtiyac qalmayacaq. İsrail, Amerika, Səudiyyə Ərəbistanı İranı cəzalandıracaq. Onlar İranı cəzalandırmaq üçün məqam gözləyirlər. İran öz problemlərinə məsuliyyətsiz davranır. İran Səudiyyə Ərəbistanı və İraq əleyhinə qoşunların hazırlıq vəziyyətinə gətirilməsinə siqnal verib. İran İraqı hələ də 20-ci əsrdə müharibə etdiyi ölkə kimi tanıyır. Ancaq İraq artıq dəyişib, əvvəlki deyil. Bir sözlə, İran özünə ciddi problem yaradıb”.

 

 

Üzeyir Cəfərov qeyd edib ki, İranı çaşdıran onun dronları ilə bağlı yayılan şişirdilmiş xəbərlər olub:

 

“İranın “Şahed”ləri, “Zülfüqar” ballistik raketləri var. Nə olsun? Artıq “Şahed”lərə qarşı Ukraynada cavab addımları müəyyənləşdirilib. Artıq bu dronların zərərsizləşdirilməsi üçün lazımı addımlar atılır”.

 

Hərbi ekspert Şair Ramaldanov da hesab edir ki, sərhəddəki təlimlər heç bir  ölkəyə qarşı yönəlməyib:

 

“Azərbaycan Ordusunun bölmələrinin hansısa istiqamətdə təlim keçirməsi Azərbaycan Respublikasının daxili işidir. Təlimlər hansısa ölkəyə qarşı yönəlməyib. O ki qaldı xüsusi təyinatlı qüvvələrə, onlar şərait və məkandan asılı olmayaraq qarşıya qoyulan tapşırıqları həll etməlidir. Bu vəzifələri yerinə yetirmək üçün bütün şəraitlərdə təlim keçirməlidirlər. Təlimə rəhbərlik edən zabitlər yaxşı bilirlər ki, hansı istiqaməti nə üçün və hansı əsaslara söykənərək seçiblər.

 

Məsələn, Şuşada əməliyyat keçirmədən öncə bizim xüsusi təyinatlı qüvvələrimiz yüksəklikdə məşq keçirib. Bundan əlavə, çoxsaylı dağ təlimləri olub. Bu baxımdam İranla sərhəddə təlimlərin keçirilməsi təəccüb doğurmamalıdır. Ölkəmizin istənilən yerində təlim keçirə bilərik, bu bizə aid məsələdir”.

 

Hərbi ekspert XTQ-nin təlimlərinin İrana təzyiq məqsədi daşıdığını düşünür:

 

“Keçirilən təlimlərin İranla bağlı olduğunu düşünmürəm. Biz hər zaman öz sərhədlərimizi qorumalıyıq. Əlbəttə, İranı düşmən görmürük, bizim qonşumuzdur. Bəzən bizim aramızda problemlər olub. Gərginliyə səbəb olan məlumatlar yayılıb. Sonra dövlət başçıları, müvafiq qurumlar məsələləri öz aralarında həll ediblər. Bütün gərginliklər danışıqlar yolu ilə sivil qaydada öz həllini tapıb. İndiki problemlər də danışıqlar masasında həll olunacaq. Əlbəttə, İranın Ermənistanla yaxınlaşması yaxşı hal deyil. Əgər İran bizim düşmənimizlə yaxınlaşırsa, bizimlə dostluqdan uzaqlaşır. Azərbaycan sərhəddəki ölkələrlə münasibətdə normal qonşuluq əlaqəsinə köklənib. Biz hansı istiqamətdə təhlükə yaranarsa, ona qarşı tədbir hazırlayırıq”.

Mənbə

Share: