Sosial şəbəkələrin yaratdığı problemlər həlledilməz forma alır. Hüquqi tənzimləmənin zərurəti barədə hər dəfə söz düşəndə ağız büzən, mahiyyətinə varmadan bütün təşəbbüsləri “ifadə azadlığının boğulmasına cəhd” kimi qələmə verənlər indi buyurub yol göstərsinlər, Fuad Rəsulzadə ilə bağlı yaşanan insidentə ədalətli yozum versinlər. DİN Mətbuat xidmətinin açıqlamasına baxıram: şöbə rəisi Elşad Hacıyev bildirib ki, “Vətəndaşa fiziki təzyiq göstərən, onu döyməkdə şübhəli bilinən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”. Deməli, Fuadı döyənləri tapıb hüquqi məsuliyyətə cəlb edəcəklər. Bəs Fuad Rəsulzadənin suçu yoxdurmu? Xudayar Yusifzadə canını Vətən üçün Şəhid edəndə Fuad harada idi?! Radə Yusifzadə ona görə övlad böyütmüşdü ki, gedib Şəhid olsun, Fuad da burada onunla alay edib gülsün? Fuad təkcə Radə ana ilə deyil, ümumilikdə hər birimizlə alay edib, millətin hissləri ilə oynayıb. Bu, bir faktdır. Amma Fuadın cəzası beləmi verilməliydi; küçənin ortasında döyülməli, zorakılıq görüntüləri videolentə alınıb sosial şəbəkələrdə yayımlanmalıydımı? Təbii ki, yox. Hüquqi dövlətdə yaşayırıq, məsuliyyət də hüquqi çərçivədə olmalıdır. Hüququ gözardı edənlər, Fuadı “küçə qaydaları ilə cəzalandıranlar” da cəzasını almalıdır ki, belə yanaşma presidentə çevrilməsin. Amma Fuadı küçə qaydaları ilə, qanundan kənar cəzalandıranlar bu yöndə ilk olanlardılarmı. Hələ 5 il əvvəl müğənni Röya ilə onu təhqir edənlər arasında eyni formalı insident yaşandı. Röyanın öz rəqiblərini qanudan kənar formada cəzalandırması barədə görüntülər sosial şəbəkələrdə yayımlanmışdı. Fuadla bağlı yaşananlar həmin nümunənin davamıdır. Bu, bir yana. Məsələnin ikinci tərəfi də var. Fuad yanlışa yol verib dedik, millətin hissi ilə oynayıb. Onun məsuliyyəti necə olacaq, günahına hansı qanunla qarşılıq veriləcək? Varmı sosial şəbəkələrdə belə yanlış yayımları tənzimləyən qanunlar? Həmçinin, bu cür yanlışa yol verən təkcə Fuad Rəsulzadədirmi? Fuadın status, paylaşımı Nərmin Şahmarzadənin Şəhid Mübariz İbrahimov barədə paylaşımlarından çoxmu sərtdir? Yaxud, Nərmin bu yöndə xətaya yol verən ilk şəxsdirmi? Diqqətlə baxsaq görərik ki, sosial şəbəkələrdə milli hisslərlə alay etmək bir tendensiya halını alır, sadəcə çanaq Fuadın başında çatladı. Həmçinin, rəqiblərin küçə qaydaları ilə cəzalandırılıb sosial şəbəkələrdə görüntülənməsi də sistemli hal alır, yanlış, hüquqa zidd presidentlər yaranır. Bu, məsələnin bir tərəfidir. Cavabsız qalan çox suallar var. Bəs hanı sosial şəbəkələrdə qanlı olaylar, zorakılıq, terror aktları barədə görüntüləri məhdudlaşdıran mexanizmlər?! Bu zorakı görüntülər hələ də sosial şəbəkələrdə dolaşır, yayımlanır, gənc nəsil də bundan yanlış örnək götürür. Proses zəncirvari xarakter alır. Qarşısı alınmasa, daha betərləri olacaq. Təcili tədbirlər görülməli, sosial şəbəkələrin tənzimlənməsi üçün addımlar atılmalıdır.
Müşfiq Ələsgərli