Nəcəf Həsənzadə ad soyadı, yəqin ki, çoxlarına heç nə demir… Onda məşhur “Qatarda” teletamaşasını yada salın… Vaqon bələdçisini necə, xatırladınızmı… Bax, həmin bələdçi rolunun ifaçısından bəhs edəcəyik.
Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsinə davam edir. Budəfəki yazımız da haqqında nadir hallarda bəhs olunan sənətkarlardan biri ilə bağlıdır.
İllər keçsə, nəsillər dəyişsə də, aktyor Nəcəf Həsənzadənin bələdçisi olduğu həmin “Qatarda” baş verənləri tamaşaçılar unutmur. Əlbəttə ki, söhbət ekran əsərinə baxan tamaşaçılardan gedir.
Yoldaş Dadaşov, Sabit Mirzə, Qasım kişi, Fətulla, Vəzir, bələdçi, narsatan oğlan…
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsi Məlikzadənin ssenarisi əsasında hazırlanan “Qatarda” tamaşası şübhəsiz ki, 40 il keçməsinə baxmayaraq, bu gün də sevilərək baxılır.
İstedadlı rejissor, Xalq artisti Ramiz Həsənoğlunun 1981-ci ildə quruluş verdiyi bu ekran əsəri tamaşaçılara mühüm mesajlar verir. Rejissor tamaşada cəmiyyətin bütün təbəqlərinin nümayəndələrini bir vaqona yığıb. Tamaşaçı “Qatarda” cərəyan edən hadisələri izlədikcə, orada həm rüşvətxor məmurları, həm yaltaqları, həm də yüksək mənəvi cəhətləri ilə örnək ola bilən insanları, eləcə də sadə xalqın nümayəndələrini görə bilir.
Bu baxımdan tamaşa bugünümüz üçün də aktuallğını, ictimai dəyərini itirmir deməklə, yəqin ki, yanılmırıq.
“Qatarda” teletamaşaçında vaqon bələdçisi rolunu oynamış Nəcəf Həsənzadə uzun illər Akademik Milli Dram Teatrında aktyor və rejissor assistenti kimi fəaliyyət göstərib, müxtəlif teletamaşalarda və filmlərdə epizodik rollara çəkilib. Bu əməyinin qarşılığında “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.
Bələdçi rolu Nəcəf Həsənzadənin oynadığı ən maraqlı obrazlardan biridir. O da “Qatarda”kı digər personajlar kimi dəfələrlə yoldaş Dadaşovun hədəfinə tuş gəlir, gah danlanır, gah da əmrləri icra etməli olur.
Nəcəf Abbas oğlu Həsənzadə 23 dekabr 1927-ci ildə Bakıda anadan olub. O, uzun illər Dövlət Akademik Milli Dram Teatrında ən qüdrətli sənətkarlarla çiyin-çiyinə çalışıb.
Akademik Milli Dram Teatrının yaşlı və orta nəsildən olan əməkdaşları onu yaxşı insan, sənət fədaisi kimi xatırlayırlar.
Nəcəf Həsənzadə 84 illik ömrünün düz 64 ilini teatr sənətinə həsr etmişdi. O, “Azdrama”da həm irili-xırdalı rollar oyanıb, həm də rejissor assistenti kimi tamaşalar idarə edib.
N.Həsənzadə 1946-cı ildən teatrda işləməyə başlamışdı. Hələ 10-cu sinifdə oxuyanda bir gün eşidir ki, görkəmli sənətkar Adil İsgəndərov teatr kursu açıb. O vaxt teatra həvəsi olmasa da, təsadüf onu “Azdrama”ya aparıb çıxarır. Məhəllələrində yaşayan bir oğlanın təklifi ilə gənc Nəcəf də “Azdrama”nın hazırladığı “Şərqin səhəri” tamaşasının kütləvi səhnəsində oynamağa razılıq verir. Sonra mütəmadi olaraq teatra gedib-gəlməyə başlayır.
O, həm tamaşalara baxmağa gedir, həm də kütləvi səhnələrə çıxırmış. Eyni zamanda kütləvi səhnələrdə iştirakına görə qonarar da alırmış… Və beləcə onda bu sənətə maraq möhkəmlənir… Bununla da Nəcəf Həsənzadə ömrünü teatr sənətinə bağlayır.
Daha sonra Adil İsgəndərovun teatr kursunda iştirak etmək üçün ərzizə verir, imtahanda iştirak edir.
Mərhum sənətkar illər öncə jurnalist Təranə Məhərrəmovaya müsahibəsində həmin günləri belə xatırlamışdı:
“Sözün açığı, Adil İsgəndərovun teatr kursuna qəbul olunacağıma heç ümidim yox idi. Həmin ərəfədə həyəcandan axşamlar yata bilmirdim. Adımın qəbul olunanlar siyahısında birinci yerdə olduğunu eşidincə, uçmağa qanadım yox idi. Kursun müəllimlərinin əksəriyyəti “Azdrama”nın görkəmli aktyorları idi. Ancaq kursu yarıda bağladılar. Tələbələri isə Teatr Texnikumuna keçirdilər. Texnikumu bitirdiyimiz ildə İncəsənət İnstitutu açıldı. İnstitutun ilk tələbələri biz olduq. Mən həm teatrda işləyir, həm də oxuyurdum. Teatrda mənə rollar verilirdi. Teatrın ən görkəmli aktyorları ilə bir yerdə səhnəyə çıxırdım. O teatrın səhnəsində təkcə Ülvi Rəcəb və Abbas Mirzə Şərifzadə ilə işləmək mənə qismət olmadı. Onlar repressiya olunduqlarından teatrda sona qədər işləyə bilmədilər.
Get-gedə mənə böyük rollar həvalə olunurdu. Sonra məni rejissor assistenti təyin etdilər. Həm aktyor kimi rollar oynayır, həm də rejissor köməkçisi kimi tamaşaları idarə edirdim…
O vaxtlar tamaşaçı əlində salonda tərpənmək olmurdu. Xüsusi adamlar var idi ki, qabaq cərgələrin biletlərini alaraq teatrın qarşısında durur və ikiqat qiymətə satırdılar. Zal həmişə dolu olurdu”.
Nəcəf Həsənzadə Akademik Milli Dram Teatrında 50-dən çox tamaşanın rejissor assistenti olub. Həmin tamaşalardan 5-i Dövlət mükafatına layiq görülüb.
Aktyor bir sıra film və tamaşalarda kiçik rollar ifaçısı kimi yadda qalıb. “Çətirimiz buludlardır bədii filmində çoban, “İstintaq”da qəzetçi, “Qızıl uçurum”da nökər, “Özgə ömür”də növbətçi, “Qəzəlxan”da teatr işçisi, “Sarıköynəklə Valehin nağılı” tamaşasında sürücü, “Qatarda” tamaşasında bələdçi, “Analar”da fəhlə rolunda çıxış edib.
Onun aktyor kimi tamaşalarda yaddaqalan obrazlar canlandırmağı o zaman Azərbaycana rəhbərlik edən görkəmli siyasi xadim Heydər Əliyevin də diqqətini cəlb edibmiş.
Hətta bir dəfə Heydər Əliyev həyat yoldaşı Zərifə xanımla birlikdə Anarın “5 mərtəbəli evin 6-cı mərtəbəsi” əsəri əsasında hazırlanan tamaşaya baxmaq üçün teatra gəlibmiş. Tamaşadan sonra səhnə arxasına keçib yaradıcı heyətlə görüşən ölkə rəhbəri Nəcəf Həsənzadəni də əsərdə oynadığı kiçik rola görə tərifləyib.
“Sənin səhnəyə çıxışını səbirsizliklə gözləyirdim. Sən bundan sonra tamaşa aparma, sən böyük artistsən”, – Heydər Əliyev Nəcəf Həsənzadəyə xitabən deyib.
Nəcəf Həsənzadə özünü teatrdan ayrı təsəvvür edə bilməyən sənət adamlarından idi. Ona “siz niyə tamaşalarda adətən kiçik rollarda oynayırsınız” sualı veriləndə belə demişdi:
“Axı mən tamaşanı idarə edirəm. Özüm balaca rolları seçirəm. Mənə daha çox başqa artistləri tapmaq lazımdır. Bəzən olub ki, aktyorlar gəlməyəndə onların əvəzinə səhnəyə çıxmışam. Sidqi Ruhullanın, Süleyman Tağızadənin əvəzinə oynamışam. Məlik Dadaşovla dublyor olmuşam. İdarə etdiyim tamaşaların hamısında rollarım olub”.
Bir dəfə Azdrama”nın direktoru Əliabbas Qədirov ona “artıq təqaüd yaşını ötmüsən, istirahətə getmək vaxtındır” deyəndə Nəcəf Həsənzadə razılaşmayıb. Deyib ki, əgər onu səhnədən uzaqlaşdırsalar, heç yerə getməyəcək – teatrda qalıb qapıçı və ya süpürgəçi işləyəcək.
“Mən teatrdan ayrı yaşaya bilmərəm” deyən Nəcəf Həsənzadəni sonradan hamı başa düşüb və bu fikrinə hörmət ediblər. Beləcə, aktyor və rejissor assistenti Nəcəf Həsənzadə ömrünün son gününədək teatrda qalaraq işləyib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mərhum sənərkarla işləmiş əməkdaşlar onu baməzə, maraqlı söhbətlər edən səhnə ustası kimi də xatırlayırlar. Sənət yoldaşları deyirlər ki, Nəcəf Həsənzadənin teatrda ən çox işlətdiyi sözlərdən biri “Qatarda” tamaşasından yaddaşlarda qalan “qulluğunda hazıram, mən ölüm” ifadəsi idi.
Tanınmış teatrşünas, professor İlham Rəhimli deyir ki, 23 dekabr 1991-ci ildə “Azdrama”nın Bədii Şurasının iclasında teatrın işçiləri ilə müqavilə bağlanılırdı, hər kəsin məsələsi səsə qoyulurdu. Növbə rejissor köməkçisi Nəcəf Həsənzadəyə çatanda, səsvermə nəticəsində onunla müqavilə daha 2 il uzadılır. Digərlərindən fərqli olaraq, buna çox sevinən Nəcəf Həsənzadə “Getdik ey…” deyərək razılığını bildirir. Onun reaksiyasına Azdrama”nın rəhbəri Həsənağa Turabov da biganə qalmır:
– Nəcəf, necəsən?
– Əla! Həsənağa, nə lazımdı, qulluğunda hazıram, mən ölüm, – deyən Nəcəf Həsənzadə zalda hamını gülməyə vadar edir.
Yazının sonunda mərhum Nəcəf Həsənzadənin özünün danışdığı maraqlı bir əhvalatı təqdim edirik:
– Rəhmətlik şair Bəxtiyar Vahabzadə nə vaxt teatra gəlsə, məni nə vaxt görsə, cibimə pul basardı. Nəbi Xəzri də həmçinin. Ən əsas da “atam”, yəni rəhmətlik İlyas Əfəndiyevi deyirəm. Təsəvvür edin ki, bəzən o, hər gün teatra tamaşaya gəlirdi. Hər gün də mənə pul verirdi. Demək olar ki, biz İlyas müəllimlə teatra eyni vaxtda gəlmişdik. Mən teatra 1946-cı ildə, o isə məndən bir-iki ay qabaq Mehdi Hüseynlə birlikdə yazdıqları “İntizar” əsəri ilə gəlmişdi. Sonra müstəqil olaraq “İşıqlı yolları” yazdı. Deməli, mən “İşıqlı yollar”dan tutmuş, onun bütün tamaşalarının rejissor köməkçisi olmuşam.
Bir dəfə məşq edirdik. Birdən İlyas müəllimin səsini eşitdik. Artistlər sevincək halda dedilər ki, “Nəcəf, gözün aydın, atan gəlib”. Bilirdilər ki, mütləq mənə pul verəcək, mən də o pulu bufetdə onlar üçün xərcləyəcəyəm. O verən pulları heç vaxt evə aparmırdım, elə həmin gün teatrın bufetində xərcləyirdik, yəni, boğazımızı yaşlayırdıq. Elçin müəllimin (Elçin Əfəndiyev-red.) bir köməkçisi vardı, o, İlyas müəllim haqqında kitab yazıb. Həmin kitabda da yazıb ki, “İlyas müəllim həmişə Nəcəfə hörmət eləyib, cibinə pul qoyurdu”…
Əməkdar mədəniyyət işçisi Nəcəf Həsənzadə 2012-ci aprelin 30-da 84 yaşında vəfat edib.
Sənətkarın iki oğlu olsa da, onlardan heç biri atalarının yolunu davam etdirməyib.
Ə.Qafarlı