Yalançı etiraflar, 3500 saat işgəncə

 

2019-cu ildə həbs edilən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bir neçə gün əvvəl edam olunub. Qərb ölkələri Britaniya və İran vətəndaşı olan Əkbərinin edam edilməsinə sərt reaksiya göstərib, İranın müxtəlif Avropa ölkələrindəki səfirlərinə etiraz bildirilib.

Böyük Britaniya İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Britaniyanın baş naziri Rişi Sunak edamı “barbar rejim tərəfindən həyata keçirilən cəsarətsiz və qorxaq hərəkət” adlandırıb.

Milletinsesi.az bildirir ki, sabiq məmurun öldürülməsi bağlı xəbəri yayan İran məhkəmə sisteminə aid “Mizan” xəbər agentliyi edamın nə vaxt həyata keçirildiyini açıqlamayıb.

Ekspertlər deyir ki, Əkbərinin edam edilməsi nüvə danışıqlarının dala dirənməsi, keçən ildən başlayaraq Tehranın nümayişçilərə qarşı güc tətbiq etməsi, eləcə də Ukraynadakı mülki obyektlərin məhv edilməsində istifadə olunan pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükü ilə gərginləşən Qərb-İran münasibətlərini daha da pisləşdirəcək. Artıq Avropa İttifaqı və Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” kimi tanımaq istəmələri barədə məlumatlar yayılır.

İranın rəsmi və qeyri-rəsmi xəbər agentlikləri Əkbərinin Britaniyaya casusluqda ittiham edildiyini bildirib. “İngiltərə hökumətinin kəşfiyyat xidməti üçün casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilən Əlireza Əkbəri edam edilib”, – “Mizan” agentliyinin yaydığı məlumatda deyilir.

Agentliyin iddiasına görə, Əkbəri casusluğa görə 1.805.000 avro (1.95 milyon dollar), 265.000 funt sterlinq (323.989.00 dollar) və 50.000 dollar pul alıb.

Qeyd edək ki, İranda son aylarda edam hökmləri icra edilsə də, keçmiş yüksək vəzifəli şəxslərin edam edilməsi nadir hadisədir. Bundan əvvəl 1984-cü ildə İran donanmasının komandiri Bəhram Əfzəli Sovet İttifaqına casusluqda ittiham olunaraq edam edilmişdi.

1961-ci ildə İranda anadan olan Əlirza Əkbəri 1980-ci illərdə İran-İraq müharibəsi zamanı SEPAH-ın tərkibində döyüşüb. Əkbəriyə aid olduğu bildirilən və “BBC Farsca” tərəfindən yayılan səsyazısında onun müharibə zamanı İranın mübarizə strategiyasının hazırlanmasında ciddi rola malik olduğu deyilir. O, islahatçı prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə İranın müdafiə naziri olan Əli Şamxaninin müavini olub. Əkbərinin hazırda Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Şamxaninin yaxın müttəfiqi olduğu vurğulanırdı.

Əlirza Əkbəri yalnız SEPAH daxilində deyil, İran təhlükəsizlik qüvvələrinin digər qollarında da mühüm funksiyalar yerinə yetirib. O, İran donanmasına məsləhətçi kimi xidmət edib və 1988-ci ildə İran-İraq müharibəsinə son qoyan BMT-nin 598 saylı qətnaməsinin icrasına rəhbərlik edib.

İranın dövlətə məxsus “İrna” xəbər agentliyinin iddiasına əsasən, Əkbəri 2008-ci ildə qısa müddətə saxlanıldıqdan və girov müqabilində sərbəst buraxıldıqdan sonra Britaniyaya köçüb. “BBC Farsca” tərəfindən yayımlanan səs yazısında o, Tehranın dünya gücləri ilə nüvə danışıqlarında iştirak edən yüksək vəzifəli İran diplomatının dəvəti ilə Tehrana qayıtdığını söyləyib. Diplomatın hələlik kim olduğu bilinmir.

Səs yazısında Əkbəri təhlükəsizlik orqanlarının ona qarşı ölüm hökmü çıxarmaq üçün hakimlərə təzyiq etdiyini bildirib: “Tribunal məni az miqdarda girov müqabilində azadlığa buraxmağa razı idi, lakin Kəşfiyyat Nazirliyi buna mane oldu. Ali Məhkəmə ölüm hökmünün əleyhinə səs verdi, lakin Kəşfiyyat Nazirliyi hakimi hədələməklə buna qarşı çıxdı”.

Onun həyat yoldaşı Məryəm Səmədi isə deyib ki, Əkbəri Tehranın Evin həbsxanasına köçürülməzdən əvvəl 10 ay təkadamlıq kamerada saxlanılıb.

Səs yazısında Əkbəri işgəncələr nəticəsində yalan etiraflar etdiyini deyib: “3500 saatdan çox işgəncə, psixikaya təsir edən dərmanlar, fizioloji və psixoloji təzyiq üsulları ilə iradəmi əlimdən aldılar. Məni dəlilik həddinə çatdırdılar və silah gücünə, ölümlə hədələyərək yalançı etiraflar etməyə məcbur etdilər. Onlar mənə deyirdilər ki, müqavimət göstərsən, səni Evin həbsxanasının qaranlıq kameralarına göndərəcəyik, orada qamçılı müstəntiqlə qarşılaşacaqsan”.

İranın dövlət mediası Əkbərinin 2020-ci ildə iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsində rol oynadığını iddia edir. İran telekanallarının yaydığı videoda Əkbəri sui-qəsddə əli olduğunu etiraf etməsə də, britaniyalı agentin Fəxrizadə haqqında məlumat istədiyini deyib.

Akif İsmayılov

Mənbə

Share: