Yalçın İslamzadə Azərbaycan dilində cümlə qura bilmir

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu fizik və təhsil mütəxəssisi, elmi-populyar kitabların tərcüməsi ilə məşğul olan Yalçın İslamzadənin Modern.az-a verdiyi müsahibədə nəşriyyatla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib. (Müsahibə ilə buradan tanış ola bilərsiniz).

 

Modern.az naşirin sözügedən tənqidə cavabını təqdim edir:

 

“Yalçın İslamzadəni tanıyandan harada gəldi, “Qanun” nəşriyyatı ilə bağlı xoş olmayan ifadələr işlədir. Elə bilir ki, bütün nəşriyyatlar onunla işləməlidir, ona borclu olmalıdır. Özü deyir alim gərək öz sərhədini bilsin. Nə dərəcədə ciddi alimdir, bilmirəm. Amma özü demişkən, gərək ciddi alim sərhədini bilsin. Baxıram ki, müsahibədə bütün nəşriyyarların, tərcümə edənlərin adını çəkir, “hərşeyşünas”dır sanki Yalçın. Təəssüf edirəm. Əgər o hesab edirsə ki, bütün elmi kitabları Yalçın İslamzadə tərcümə etməlidir – bu fikir yanlış fikirdir.

 

Ola bilər ki, Yalçın İslamzadə elm adamı kimi yaxşı elm adamıdır. Amma Azərbaycan dilində cümlə qura bilmir. Mən onun 1-2 kitabına baxmışam, elə hesab etmirəm ki, onun tərcümə elədiyi kitablar ən doğru-düzgün, orjinala yaxın tərcümələrdir. Biz dinamik işləməyin tərəfindəyik və davam edirik. İngilis dilində də xeyli tərcüməçi məktəbi var, yetişir. Əksər kitabları ingilis, fransız, alman dilindən tərcümə etməyə çalışırıq. Çox nadir klassik kitablar var ki, qiymətli tərcüməçilərimiz onları rus dilindən tərcümə edir. Bəzi türkcədə yazılan kitabları вф türkcədən Azərbaycan dilinə uyğunlaşdırırıq.

 

“Yox, rus dilindən tərcümə eləmə, mən ingilis dilində bilirəm, ver mən edim” demək mərhələsi geridə qalıb. Yoxdur belə bir şey, ola da bilməz. Biz cəmiyyəti oxuyan cəmiyyətə çevirməliyik. Bunun üçün kitab təqdim etməliyik, bu kitabların sayı hədsiz çox olmalıdır. Mən Yalçının ümidinə qalıb, ildə bir kitab buraxa bilmərəm. Mümkün deyil, olmamalıdır da. Adam birinci növbədə özündən başqa tərcüməçilərə hörmətlə yanaşmalıdır. İstər rus dilindən tərcümə edir, istər ingilis dilindən, fərqi yoxdur. Amma bunların heç birinin zəhməti nəzərə alınmır. İlk növbədə bu zəhmət nəzərə alınmalıdır.

 

İkinci növbədə, ümumiyyətlə nə qədər yeni kitab çıxır ki, Yalçını bu qədər narahat edir? Sanki biz kütləvi halda kitablar nəşr edirik, elə deyil axı. Hər gün minlərlə müxtəlif dillərdə kitablar nəşr edilir. Azərbaycanda normal işləyən 3-4 nəşriyyat var. Onların hərəsi 1 kitab nəşr etsin, deyək ki, aya, günə, yaxud hansı vaxta bu qədər kitab nəşr olunur. Yenə də bəs deyil axı. Bu cür danışmaqdansa, 2-3 əlavə tərcüməçi götürüb məktəb yarada bilirsə, özü yaratsın. Nəşriyyatlara təklif etsin, nəşriyyatlarla bərabər işləsin. Edilən işin yaxşı tərəflərini görmək və dəyərləndirmək lazımdır. Bir alim gərək bu işlə məşğul olsun. Amma bilmədən bu şəkildə danışmaq yaraşmaz”.

 

Qeyd edək ki, Yalçın İslamzadə müsahibədə “Qanun” nəşriyyatı ilə bağlı bunları demişdi:

“…Elmi-populyar ədəbiyyata bir az maraq yaranan kimi bəzi nəşriyyatlar, məsələn, “Qanun” nəşriyyatı bunu konveyer üsulu ilə orijinaldan yox, ruscadan tərcümə eləməyə başladı. Nəticədə, sırf peşəkar tərcüməçilərlə işləyən və elmi-kütləvi kitab nəşrində ixtisaslaşmış bir nəşriyyat formalaşa bilmir. Çünki az-çox mövcud bazar payı bu işi həvəskar səviyyədə görənlər arasında bölünür. Halbuki, 30 ilə yaxın fəaliyyət göstərən bir nəşriyyat kimi “Qanun” indiyə özü tərcümə məktəbi formalaşdırmalı idi, nəinki rus dilindən tərcümə etdirmək. 

 

Bir nəşriyyatının kitabları orijinaldan yox, ruscadan tərcümə etməsi bazardakı ingilis dili təcüməçilərinin qonorarını ciddi şəkildə aşağı salır. Bu da o deməkdir ki, Qreşem qanununa uyğun olaraq, professional tərcüməçilər bazardan çəkilir. Bir də kitabı tərcümə edib rəfə qoymaqla iş bitmir. O kitabın təqdimatı olmalıdır. Müzakirəsi olmalıdır. Yazan müəllif kimdir, hansı elmi nəzəriyyədən bəhs edir, insan həyatının hansı hissəsinə işıq salır, bizim elmi dünyagörüşümüzün formalaşmasında bu kitab bizə necə kömək edəcək və sair…

 

…Hararini biz tanıtdıq, istəyirdik ki, sırf elmi-kütləvi kitabların nəşri xətti yaransın, ingilis dilindən tərcüməçi tapıb razılığa gəlincə “Qanun” nəşriyyatı ruscadan tərcümə edib nəşr elədi, kitabın içinə də ingiliscə nəşrinin titul vərəqini qoydu. Bəlkə də Azərbaycanda ən çox satılan elmi-populyar kitab bu kitab oldu. Oradan gələn gəlir “Qanun”un nəşr elədiyi kitabların keyfiyyətinin artmasına səbəb olur? Mən inanmıram”.

Bu xəbər ilə bağlı

Yalçın İslamzadə: Özünüinkişaf kitabları kağız israfı və vaxt itkisidir – MÜSAHİBƏ


Xəbəri oxu

Mənbə

Share: