Əziz dostlar, bir neçə gün əvvəl Yardımlıda qarşılaşdığım ağır bir mənzərə ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. İndiyə kimi rayonda, kəndlərdə baş verən hadisələrin böyüdülməməsi, müzakirə edilməməsi tərəfdarı olmuşam. Amma bu dəfə bəzi məsələlərə münasibət bildirmək lazımdı. Çünki haqqında söz açacağım məsələ, bəzi insanlarımızın davranışı rayonumuzla, el-obamızla bağlı həmişə öyündüyümüz, nümunə göstərdiyimiz dəyərlərin, adət-ənənələrin, kökdən gələn bir yolun getdikcə sıradan çıxmasının işartısı təsirini bağışladı.
Biz ailəlikcə Yardımlının inkişafı, insanların rifahı, təhsili, sağlamlığı, haqları uğurunda əlimizdən nə gəlibsə etmişik. Təmənnasız, xüsusi təqdimat olmadan, çox vaxt da gizli…
Bizim üçün öz kəndimiz anlayışı olmayıb. Sabir müəllim istər nazir kimi, istər deputat olaraq rayonla bağlı məsələ qaldıranda, hansısa bir fürsət olanda həmişə ümumi rayon üçün nələrsə etməyə çalışıb. Elə buna görə də, istər yol çəkilişi, istər məktəb tikintisi olsun, Hamarkənd heç vaxt birinci sırada gəlməyib, əksinə, ən axırlarda olub. Hər kəsin yadındadır ki, Sabir müəllimin doğulduğu kəndə məhz cənab İlham Əliyevin göstərişi ilə yol çəkildi. Yardımlı yolunun təmiri üçün bir sərəncam, Hamarkənd-Abasabad yolunun çəkilməsi üçün isə ayrıca bir sərəncam imzaladı, maliyyə ayırdı. Yəqin Prezidentin özü də təəccüblənmişdi ki, necə ola bilər, Sabir Rüstəmxanlı kimi böyük bir şəxsiyyətin kəndinə indiyə kimi asfalt yol çəkilməsin…
Təkcə yol problemi deyil ki… Sabir müəllim Yardımlının millət vəkili olduğu müddətdə istəsəydi, israr etsəydi, öz kəndinə qaz xətti də çəkdirərdi. Amma öz kəndini başqa kəndlərdən ayırmayıb. İndisə məsələ bir qədər başqa cürdür. Rayonun bütün kəndlərinin ilin sonuna kimi qazlaşdırılması büdcəyə salınıb. Və bu işlər plan üzrə davam etdirilir. Bu plan müzakirə olunanda hansısa bir səlahiyyətli şəxs, Sabir müəllimlə dostluq münasibətlərinə, ya şəxsinə hörmət əlaməti olaraq, Hamarkəndə daha tez qaç çəkilməsi üçün göstəriş verib. Sabir müəllim də əlbəttə buna etiraz etməyib. Onsuz da işlər davam etdirilir. Hamarkəndə qaz xəttinin tez çəkilməsi qonşu kəndlərin də tez bir vaxtda qazlaşdırılması deməkdir. Çünki bu qaz xətti iki kəndin – Osnəkəran, Anzov kəndlərindən keçəcək.
Amma bəzi kəmfürsətlər, Sabir müəllimin hələ də rayonla bağlı ciddi işlər gördüyünü həzm edə bilməyənlər bu nəcib təşəbbüsə don geyindirməyə, insanlar arasında çaşqınlıq yaratmağa çalışır. Guya, hansısa kəndə çəkilməli olan qaz xətti Hamarkəndə çəkilir. Bu, bizim indiyə kimi göstərdiyimiz münasibətə yaraşırmı? Biz nə vaxt sizi özümüzdən ayırdıq, biz nə vaxt, Hamarkəndi Dəlləklidən, Arvanadan, başqa kəndlərdən önə verdik?!
Görünür, şeytan, nadanlıq imkan vermir bu suala məntiqlə, ədalətlə cavab tapmağa.
Biz bu şayiələrin qarşısını almaq üçün “Azərqaz”ın nümayəndələri ilə qonşu kənddə görüş keçirdik, məsələni izah etdik. Qaz xətti ərazisindən keçən, amma hələlik evlərə qaz verilməyən kəndlərin də yaxında mavi yanacaqla təmin ediləcəyini dedik. Bildirdik ki, ayrıc şkaflar qoyulsun, ilk paylaşma Hamarkənddən başlasın və maliyyə vəsaiti ayrıldıqca bu qonşu kəndlər də bir-bir qazlaşsın. Yəni bu bölgənin qazlaşma işinin 50 faizi bu kəmərin çəkilməsindən asılıdır. Qəbul etdilər, mübahisəli məqamlar aradan qaldırıldı.
Bu söhbətlər zamanı Ostayır və Dəlləkli kəndlərindən bir qrup adam gəlmişdi və Azəriqazın nümayəndələri və Sabir müəllimi kəndlərinə dəvət etdilər. Aydın məsələdir, bu gün Azərbaycanın hər bir kəndinə qazın çəkilişi çox vacibdir. Əslində, rayonun mərkəzinə bitişik olan Ostayırın indiyə kimi qazlaşdırılmaması o kənd camaatına edilən hörmətsizlikdir. Hətta rayon rəhbərliyi öz daxili imkanları hesabına və camaatın köməyilə, eyni zamanda o kəndən olan imkanlı adamların yardımıyla o işi həyata keçirə bilərdilər.
Etməyiblər! Nə yazıq ki, qaz əvəzinə bu kəndin bəzi adamların içərisinə, qəlbinə nifrət xətti çəkiblər. Ostayıda bir neçə nəfərin danışığına qulaq asanda açığı, xəcalət çəkdim. Hər ağız bir hava çalır, nə böyüyün sözünü eşidən var, nə də kiçiyin ağzını yuman. Qaz xəttinin çəkilməsindən daha çox “sizin gəlişinizdən icra başçısının xəbəri varmı”, “qaz çəkilişi növbəsini pozursuz”,”Hamarkənd niyə bizdən qabağa düşməlidi” kimi mənasız, daha çox sifarişli suallar, insalarımıza yaraşmayan tərz, təfəkkür geriliyi…
Yəqin hamıdan çox Sabir müəllim məyus olmuşdu və təəccüblənmişdi. O, təxminən 40-45 il bundan öncə Yardımlıda meşə fondunun xilası üçün bu bölgənin təcilli qazlaşdırılması məsələsini ən yüksək dövlət tribunarılarından səsləndirəndə və bunu tələb edəndə Hamarkənd kəndi üçün etməmişdi, bütün Yardımlı rayonu üçün etmişdi. Bəlkə də hədəfi Hamarkənd olsaydı, cəmi 3 kilometr kənardan gedən qaz xəttini çoxdan kəndinə çəkdirmişdi.
Bunu ona görə etməyib ki, indi hansısa nadan onu kəndə dəvət edib , ora çatan kimi isə “sizin bura gəlişinizdən başçının xəbəri varmı” kimi ibdar sualları eşitdirsin?
Sonra da bu sualların və ya təxribat xarakterli çıxışların dövlət orqanlarına ünvanlandığını eşitsin, başqa kəndlərdən də saxta imzalı məktubların sorağını alsın?
Bütün kəndlərin qaz təminatı başa çatdırılmalıdır. Amma onun kəndi qalsın, əvvəl biz, sonra onlar nə düşüncə tərzidir?
Şantajla, satqınlıqla kimlərinsə qarşısında yaltaqlıq edərək, yüksəlməyi heç kimə yaraşdırmıram. Mən 50 il Bakıda zavod rəhbərliyində çalışdım. Rəhmətlik Yaşar müəllimin zamanında imkan daxilində rayona kömək edirdim. Bunu özümə borc bilirdim. Çünki çalışqan xalq üçün iş görmək istəyən hər kəsə gərək, kömək edəsən. Peyğəmbərimiz deyir; insan daxili aləmiylə Allaha, xarici aləmiylə xalqa xidmət etməlidir.
Biz bunun bir neçə nümunəsini görmüşük. O vaxtlar – Yardımlının daha ağır dövrlərində-rəhbər təyin olunan Rəfigə xanımın rezin çəkmədə kənd lərdə təsərrüfatları yoxlayanda görmüşəm. İnanıram ki, indiki vaxtda elə bir kadr Yardımlıya başçılıq etmiş olsaydı, indiyə rayonun nə yol problemi qalardı, nə qaz. Düzdür, rayon rəhbərinin elə də böyük bir səlahiyyət qalmayıb. Amma kənardan ora yardım edənə dəstək verərlər, körpə uşaqlar kimi şuluq salmazlar. İnsanları axmaq işlərə sövq etməzlər, pisliyə çəkməzlər, yaraşmayan işlərə bulaşdırmazlar, insanları üz-üzə qoymazlar. Rayon üçün balaca bir iş görüləndə “səlahiyyətsiz” adamlar səlahiyyətləri daxilində işi geriyə dartırlar. Yardımlının təbiətini, meşələrini yollarının abadlığını, ərazilərin təmizlənməsi, yaşıllaşdırılması işləri görən, kimin səlahiyyətinə daxildir?
Mən ömrüm boyu kimləsə ədavət aparmadım, heç kimin də ayranına turş demədim. İmkanım çatdıqca əzilənin əlindən tutdum. Öz səlahiyyətim çərçivəsində Partiya büro iclaslarında, Nazirliyin kollegiya iclaslarında, heç vaxt yalan, kiməsə xoş gəlsin deyə, kimsəyə layiq olmadığı təriflər yağdırmamışam. İndi baxıram, hörmət bəslədiyim neçə ziyalı özünə “asan yol” tapıb. Ətrafdakılar da baxır ki, filankəs belə getdi, ona yollar açıldı, niyə mən ondan da yağlısını düşünüb deməyim ki, mənə ondan da bəlkə, geniş qapılar açıldı…
Mən heç vaxt bölgəçiliyin, yerlibazlığın tərəfdarı olmamışam. Amma gələnin də, Yardımlıdan olmayıb özünü yardımlılı sayanın da qarşına çıxanda kişi kimi sözü deməyin tərəfdarıyam. Yaxşı şübhəsiz, qeyd olunmalı, pis iş tənqid edilməlidir.
Nizaminin belə bir sözü var:
Gecələr zülmət deyil, göy tutuldu zülmətdi,
Pıçıltı söhbət deyil, sözlə gələn söhbətdi.
Yığdığın nemət deyil, payladığın nemətdir,
Vəsf etmək heyrət deyil, səcdə etmək heyrətdir.
Yadda saxlayın, ay yardımlılar, səcdə etmək ancaq Allaha məxsusdur.
Yadımdadır, bir dəfə rəhmətlik Heydər Əliyev iclas aparırdı, yerindən duran başladı, “Möhtərəm cənab prezident” xitabı ilə onu tərifləməyə. Axırda dözmədi, çıxışçı ya “dayan” dedi: “Nədi yalançı təriflər yağdırırsınız mənə? Lazım deyil bu boğazdan yuxarı boş -boş sözlər. Və qadağan edirəm bir də belə çıxışları”.
İndiki Prezidentimiz də öz çıxışlarında dəfələrlə belələrini kəskin tənqid edib.
Yəni, normal adamlar, ağıllı adamlar, sözün həqiqi mənasında alqışlara layiq şəxsiyyətlər yaltaqlığı sevmir. Heç o dağlar da sevmir, Bizim dağlar.
Mədət Rüstəmxanlı