“Mən Əli İnsanovun fikirlərini siyasi partiya rəhbəri olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşı kimi dəyərləndirirəm. O, bu gün ölkə başçısının apardığı siyasəti dəstəkləyir. Prinsip etibarilə Prezident İlham Əliyevi dəstəkləməmək mümkün deyil”.
Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasından seçilən deputat Aydın Mirzəzadə sabiq nazir, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun Prezident İlham Əliyevi dəstəkləməsinə münasibət bildirərkən deyib.
“Cənab Prezidentin apardığı siyasət bu gün hər bir Azərbaycan vətəndaşının maraqlarına xidmət edir. Müstəqilliyimiz möhkəmləndirilir, xaricdən gələn təhdidlərin qarşısı alınır. Büdcəmiz artırılır və işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır. Bu gün Azərbaycana xaricdən maraq çox böyükdür. Bütün bunlara göz yumub, həqiqəti etiraf etməmək siyasi korluq olar”, – deputat deyib.
Əli İnsanovun siyasi mövqeyinə gəlincə, A.Mirzəzadə vurğulayıb:
“Düzüdür, Əli İnsanov iqtidara qarşı qatı müxalifətdədir. Vaxtaşırı müxalif fikirlər bildirir. Buna baxmayaraq, o, İlham Əliyevi dəstəklədiyini deyir. Qatı müxalifət belə, cənab Prezidentin apardığı siyasəti dəstəkləyirsə, deməli, bu, siyasət düzgündür. Deməli, ölkə başçısının hazırki siyasi kursu hər bir Azərbaycan vətəndaşının şəxsi maraqlarına cavab verir. Əli İnsanovun mövqeyi hələ ki belədir. Bundan sonrakı fikirləri necə olacaq, onu zaman göstərəcək”.
Qeyd edək ki, ötən həftə keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov diqqətçəkən açıqlama verib. Belə ki, o, Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini, onun Azərbaycan xalqının ümidlərini doğrultduğunu bildirib.
Eks-nazir vurğulayıb ki, Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və o bu məsələni hamıdan yaxşı bilir: “Haqq Ədalət Partiyası olaraq, daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyimizi bəyan edirik”.