YAP-dan Vasif Talıbovun istefasına REAKSİYA

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinə münasibət açıqlayıb.

 

Milli Məclisin YAP-dan seçilən deputatı Elman Nəsirov Modern.az-a açıqlamasında bildirib ki, Vasif Talıbovun istefası gözlənilən idi.

 

Onun sözlərinə görə, Naxçıvanda aşkarlanan ciddi korrupsiya faktlarından sonra istefa qərarı labüd idi: “Vasif Talıbovun istefası gözlənilən idi. Çünki Naxçıvanda keçirilən əməliyyat nəticəsində çox ciddi korrupsiya faktları üzə çıxmışdı. Bununla əlaqədar həbslər həyata keçirilmişdi. Digər sahələrdə də nöqsanlar aşkar olunmuşdu. Sual olunur ki, Vasif Talıbov indiyədək hara baxırdı, niyə bu qurumlara nəzarət etmirdi. Görünür, vəzifəsinin öhdəsindən gələ bilməyib. Belə olan halda istefa labüd idi”.

 

Bundan əlavə, deputat tezliklə Naxçıvanda ciddi dəyişikliklərin olacağını əlavə edib.

 

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.

Mənbə

Share: