Yaponiya COVID-19 koronavirusundan müalicədə mühüm rol oynayan “Avigan” dərmanını tezliklə 38 ölkəyə göndərməyi planlaşdırır.
Bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi məlumat verib. Nazir qeyd edib ki, Niderland, Filippin və Malayziyanın da daxil olduğu ölkələrə Yaponiya şirkəti tərəfindən istehsal edilən qrip əleyhinə “Avigan” dərmanı göndəriləcək.
T.Moteqi bildirib ki, hazırda dünyanın 70-dən artıq ölkəsi Yaponiya hökumətinə “Avigan” dərmanının təqdim edilməsi xahişi ilə müraciət ünvanlayıb. Yaponiya isə həmin dərmanı əvəzsiz olaraq göndərməyə hazır olduğunu bildirib.
Nazir, həmçinin deyib ki, bu dərmanı alan ölkələr pandemiyanın qarşısının alınmasında mühüm rol oynayacaq kliniki testlər barədə Yaponiya tərəfini məlumatlandıracaqlar.
T.Moteqi əlavə edib ki, Yaponiya hökuməti beynəlxalq ictimaiyyətlə əməkdaşlığı genişləndirərək, virusdan müalicəni təmin etmək üçün ictimai və fərdi sektor arasında tibbi vasitələrin hazırlanması istiqamətində tərəfdaşlığı inkişaf etdirmək məqsədilə hərtərəfli yardımı davam etdirəcək. (AZƏRTAC)