Yaponiyada naməlum şəxs 19 nəfəri bıçaqladı

Mayın 28-də səhər saatlarında Yaponiyanın Kavasaki şəhərində naməlum kişi bıçaqla məktəblilərə hücum edib.

Hadisə nəticəsində hücum edən şəxs özü də daxil olmaqla üç nəfər ölüb və daha üçünün vəziyyəti ağırdır.

Bildirilir ki, hücum zamanı 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananların əksəriyyətinin “Caritas” özəl məktəbinin birinci sinif şagirdləri olduğu qeyd edilir. Uşaqlarla birlikdə parkın yaxınlığındakı dayanacaqda avtobus gözləyən üç nəfər də xəsarət alıb.

Hücum edən şəxs özünü bıçaqla yaralayıb və polis tərəfindən huşsuz vəziyyətdə həbs olunub. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində iki bıçaq tapılıb. Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.

Kavasaki şəhərində yerləşən “Caritas” məktəbi nəzdində uşaq bağçası, ibtidai, orta və yuxarı məktəblər fəaliyyət göstərən özəl təhsil müəssisəsidir. Burada ikiillik qızlar universiteti də fəaliyyət göstərir. Hadisədən sonra məktəbdə dərslər təxirə salınıb (Azərtac).

Share: