Yaponiyanın Baş naziri Yoşihide Suqa sentyabrın 16-da yeni hökumətin tərkibini elan edib.
Yeni nazir vəzifələrinə təyinat Yaponiyanın NHK telekanalında birbaşa yayımlanıb.
Yaponiyanın Xarici İşlər naziri 64 yaşlı siyasətçi Toşimitsu Moteqi vəzifəsində qalıb. Xatırladaq ki, o, bu vəzifəyə 2019-cu ilin sentyabrında təyin edilib.
Həmçinin Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri 64 yaşlı Hiroşi Kaziyama da əvvəlki vəzifəsində qalıb.
Müdafiə naziri vəzifəsi sabiq Baş nazir Şinzo Abenin doğma qardaşı, Xarici İşlər nazirinin müavini 61 yaşlı Nabuo Kişiyə həvalə olunub. O, bu vəzifədə Dövlət İslahatları naziri vəzifəsinə təyinat alan 57 yaşlı Taro Kononu əvəz edib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi vəzifəsinə isə buna qədər Səhiyyə, Əmək və Sosial Təminat naziri işləmiş Katsunobu Kato təyin olunub.
Yaponiya Baş nazirinin müavini və Maliyyə naziri vəzifələri isə əvvəlki hökumətdə olduğu kimi, yenə də Taro Asoya həvalə edilib. Xatırladaq ki, 79 yaşlı Taro Aso 2012-ci ildən bu vəzifəni tutur.
Yeni hökumətdə Daxili İşlər və Kommunikasiya naziri vəzifəsinə İctimai Təhlükəsizlik üzrə Komitənin sədri Ryota Takeda təyin edilib. Onun rəhbərlik etdiyi komitəyə başçılıq isə Haçiro Okonaqiyə tapşırılıb.
Yeni Baş nazirin xüsusi əhəmiyyət verdiyi Rəqəmsal Texnologiyalar naziri vəzifəsi Takuya Hiraiyə həvalə olunub. Ədliyyə naziri vəzifəsinə Yoko Kamikava, Səhiyyə, Əmək və Sosial Təminat naziri vəzifəsinə Norihişa Tamura, Kənd Təsərrüfatı, Balıqçılıq və Meşəçilik naziri vəzifəsinə isə Kotaro Noqami təyin ediliblər.
Yaponiya üçün xüsusi əhəmiyyət kəsb edən Təbii Fəlakətlərdən Sonra Bərpa İşləri naziri vəzifəsinə siyasətçi Katsuey Hirasava təyinat alıb.
Hökumətin xüsusi diqqət mərkəzində olan Əhalinin 100 milyon Nəfər Səviyyəsindən Yuxarıda Saxlanması naziri vəzifəsi isə Tetsui Sakamotoya tapşırılıb.
Bununla yanaşı, Koiçi Haqiuda Təhsil və Elm naziri, Kazuyoşi Akabane Milli Torpaqlar və Nəqliyyat naziri, Şinziro Koizumi Ətraf Mühit naziri, Yasutoşi Nişimura İqtisadiyyatın Bərpası naziri, xanım Seyko Haşimoto isə Olimpiya və Paralimpiya Oyunları naziri vəzifələrini saxlayıblar. Həmin Oyunlar koronavirus pandemiyasına görə gələn ilədək təxirə salınıb.
Bundan əlavə, Yaponiya Nazirlər Kabinetində 2025-ci ildə Osakada keçiriləcək dünya sərgisi ilə bağlı yeni nazir vəzifəsi də təsis edilib. Bu vəzifəyə Şinzi İnoue təyin olunub.
Nazirlər Kabinetinin yeni tərkibinin sentyabrın 16-da İmperator Naruhitoya rəsmi təqdimat olunmasından sonra fəaliyyətə başlayacağı gözlənilir.