Yaponiyanın Baş naziri Sanae Takaiti ABŞ-ın Venesueladakı hərəkətlərinə, o cümlədən ölkə prezidenti Nikolas Maduronun və onun həyat yoldaşının tutulmasına münasibət bildirməyib.
Millətin Səsi.az xəbər verir ki, Yeni illə bağlı keçirilən mətbuat konfransı zamanı jurnalistlər Vaşinqtona qarşı geniş beynəlxalq tənqidləri diqqət çəkərək Takaitidən ABŞ-ın Venesueladakı əməliyyatını şərh etməyi xahiş ediblər.
“Venesueladakı vəziyyətə gəlincə, Yaponiya hökumətinin prioriteti Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Biz bununla bağlı bütün aidiyyəti ölkələrlə sıx işləyirik”, – o bildirərək sualdan yayınıb.
Takaiti Venesuelada “demokratiyanın sürətlə bərpası və vəziyyətin sabitləşməsinin” vacibliyini vurğulayaraq əlavə edib ki, Yaponiya bu məqsəd üçün beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə sıx əməkdaşlığı davam etdirəcək. O, ABŞ-ın əməliyyatı və Maduronun tutularaq ölkədən çıxarılması ilə bağlı şərh verməyib.


