Yaponiyanın Fəxri İmperatoru 86 yaşını qeyd edir

Dekabrın 23-də Yaponiyanın Fəxri İmperatoru Akihitonun 86 yaşı tamam olur.

Bu, Fəxri İmperatorun cari ilin aprelində taxt-tacdan imtinasından sonra qeyd etdiyi birinci doğum günüdür.

Bu münasibətlə İmperator saray dəftərxanasının yaydığı məlumatda bildirilir ki, Fəxri İmperator və onun həyat yoldaşı İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar nəzərdə tutulan bütün ayinləri və mərasimləri uğurla başa vurublar. Qeyd edilir ki, bütün bu tədbirlərin problemsiz yekunlaşması Fəxri İmperator cütlüyünə bir yüngülləşmə və rahatlıq gətirib.

Bununla yanaşı, cütlüyün payızda Yaponiyanın bir sıra rayonlarında baş vermiş güclü tufanları narahatlıqla izlədiyi və təbii fəlakətin ziyan vurduğu insanlara görə narahatlıq keçirdiyi qeyd olunur.

Dəftərxanadan, həmçinin bildirilir ki, hazırda Fəxri İmperatorun səhhətində heç bir problem yoxdur və o, martın sonlarında müvəqqəti yaşayış yerinə köçməyə hazırlaşır.

Elmi araşdırmalarını davam etdirən Akihitonun həftədə iki dəfə İmperator laboratoriyasına baş çəkdiyi də bildirilir.

Əlavə olaraq qeyd edilir ki, Fəxri İmperator və Fəxri İmperatriçə vaxtlarının çoxunu birlikdə keçirirlər. Səhərlər İmperator parkını gəzən cütlük, səhər yeməyindən sonra mütaliə edir və Yaponiyada həyatı əks etdirən televiziya proqramlarını izləyir.

Fəxri İmperatorun doğum gününü İmperator Naruhito və İmperatriçə Masako, vəliəhd-şahzadə Akişino və onun xanımı, həmçinin ailənin digər üzvləri ilə birlikdə axşam yeməyi zamanı qeyd edəcəyi bildirilir. (AZƏRTAC)

Share: