Milletinsesi.az Bakupost.az-a istinadən xəbər verir ki, açılış mərasimində rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yardımlı rayonunun Anzov kəndində Birinci Qarabağ Müharibəsində igidliklə döyüşərək şəhadətə ucalmış Arzu Qarabala oğlu Fətullayev, Seyfəddin Zabi oğlu İbişov, Səttar Sahib oğlu Quliyev, İlqar Şahkişi oğlu Şəkərov və Seymur Bədirxan oğlu Bədirovun adına xatirə kompleksinin açılışı olub.
Qeyd olunub ki, Anzov kəndində böyüyüb boya-başa çatmış şəhid həmvətənlərimiz torpaqlarımızın ərazi bötövlüyü uğrunda rəşadətlə döyüşərək şəhidlik zirvəsinə ucalıblar. Bu igid oğulların davamçıları44 günlük Vətən müharibəsində xalqımızın rəşadətli oğulları Ali Baş Komandanın ətrafında sıx birləşərək, düşmənə layiqli cavab veriblər. Tədbirdə o da vurğulanıb ki, bu gün Azərbaycan əsgəri işğaldan azad olunmuş tarixi torpaqlarımızda qürurla xidmət aparır.
Daha sonra məktəblilər şəhidlərin keçdiyi şərəfli döyüş yolu barədə tədbir iştirakçılarına məlumat verib, eləcə də Vətən, şəhidlər və müharibəyə həsr olunab şeirlər səsləndirdilər.
Sonda Anzov şəhidlərinin döyüş yolu ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırırıq.
Arzu Qarabala oğlu Fətullayev
1973-cü ilin 15 sentyabr tarixində Yardımlı rayonunun Anzov kəndində doğulub.1980-ci ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olub.Orta təhsilini isə 1990-cı ildə Hamarkənd məktəbində başa vurub.
1992-ci il iyunun 1-də hərbi xidmətə çağırılır.1992-ci il avqustun axırlarında Ağdərədə gedən döyüşlərdə iştirak edir.1993-cü il yanvarın 4-dən 5-nə keçən gecə ermənilər qərargaha hücum edirlər. Arzu və yoldaşları səhər saat 6-ya qədər vuruşur. Nəticədə 26 əsgər təslim olmadan, əsir düşmədən şəhid olurlar.
Seyfəddin Zabi oğlu İbişov
26 avqust 1974-cü ildə Yardımlı rayonunun Anzov kəndində doğulub.1981-ci ildə Anzov kənd orta məktəbinin 1-ci sinfinə daxil olur.1 991-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirir.Seyfəddin 1991-ci ildə orta məktəbi bitirib Yardımlı Texniki Peşə məktəbinin Hamarkənd filialında traktorçu maşinist peşəsini öyrənib.
11 dekabr 1992-ci ildə Seyfəddin hərbi xidmətə çağırılır. Fevralın 4-nə kimi Lənkəranda hərbi təlim keçib fevralın 5-də Ağdərəyə yola salınır.1993-cü il martın 25-də Ağdamın Qalayçılar kəndinə aparırlar. Həmin gün kənd uğrunda atışma olur. Seyfəddin həmin gün şəhid olur.
Səttar Sahib oğlu Quliyev
1969-cu il aprelin 2-də Anzov kəndində anadan olub. 1976-cı ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olaraq, burada ibtidai təhsilini başa vurduqdan sonra Hamarkənd orta məktəbində 1986-cı ildə orta təhsilini başa vurub.
1987-ci ilin 18 iyununda hərbi xidmətə çağırılır. İki illik hərbi xidməti Ukraynadakı daxili qoşunlarda başa vurur: 1989-cu il iyulun 6-da hərbi xidməti başa vurub boya-başa çatdığı Anzov kəndinə qayıdır.1992-ci il dekabrın 17-də könüllü cəbhəyə gedir. Düşmən Cəbrayıl rayonuna hücum edərkən Səttargilin hissəsini də bu rayona gətirirlər. 3 iyul 1993-cü ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
İlqar Şakişi oğlu Şəkərov
1969-cu ilin may ayının 19-da Anzovda anadan olub. 1976-cı ildə Anzov kənd ibtidai məktəbinə daxil olub. Orta təhsilini 1986-cı ildə Hamarkənd orta məktəbində başa vurub. Ailənin sonbeşiyi olduğu üçün evin bütün qayğıları onun üzərinə düşmüşdü.
1987-ci ilin yazında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Qazaxıstanda başa vurub 1989-cu ildə doğma torpağına qayıdır. 1991-ci ildə Bakı şəhərində 14 saylı texniki peşə məktəbində neftçi peşəsinə yiyələnərək Serebrovski adına Neft Qaz Çıxarma idarəsində işə düzəlir. Torpaqlarımız uğrunda gedən döyüşlər onu çox narahat edirdi. Ona görə də Suraxanı rayon Hərbi Komissarlığına gəlib könüllü cəbhəyə getmək istədiyini bildirir.1992-ci ilin dekabrında cəbhəyə yola düşür.
İlk döyüş yolu Ağdərə yüksəklikləri uğrundakı döyüşlərdən başlayır. Bir çox irimiqyaslı döyüş əməliyyatlarında iştirak edir. 1994-cü ilin 25 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Təəssüf ki, internet resurslarda şəhid Seymur Bədirovla bağlı heç bir məlumat əldə edə bilmədik.
Zaur
BakuPost