“Ələkbər Hüseynova şaxta baba obrazını mən öyrətmişəm”
“30 ildən çox Şaxta baba kimi fəaliyyət göstərmişəm. Bu obrazı balacalara da, böyüklərə də sevdirmişəm. Həm də mənim qazanc mənbəyim olub. Körpələrə sevinc bəxş etmək elə bilirsiniz ki, asandır?! Özü də uşaqları aldatmaq mümkün deyil. Biz aktyorlar dondan-dona girib, hər zaman böyükləri də, balacaları da sevindirmişik”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Kukla teatrının aktyoru Rəhman Rəhmanov deyib.
“Yaş o yaş deyil, artıq Şaxta babalıq halım yoxdur. O pariki, saqqalı taxmaq, geyimi geyinmək mənim üçün çətindir. Buna görə də Şaxta baba olmaqdan imtina etdim. Zamanında ilk Şaxta babalardan biri olmuşam. Mənim də müəllimim xalq artisti, “Xoruz baba” adıyla tanınan Hüseynağa Sadıqov olub. Bu obrazın incəliklərini ondan öyrənmişəm. Mən də Şaxta baba obrazını teatrımızın aktyoru Ələkbər Hüseynova öyrətmişəm. O dövrdə ölkədə bir neçə Şaxta baba vardısa onun da biri mən idim. Hardasa pandemiyaya qədər dayanmadan hər yeni il bayramında baxçalarda, məktəblərdə, teatrımızın özündə iştirak edirdim. Televiziya verilişlərində də Şaxta baba kimi xalqa təbriklərimi çatdırmışam. Böyükləri də, balacaları da Şaxta baba kimi salamlayıb, onları sevindirmişəm”, – deyə sənətkar bildirib.
O arzularını da dilə gətirib.
“2023-cü ildə özümə, xalqımıza can sağlığı azulayıram. Sənət uğurlarımla tamaşaçıları, pərəstişkarlarımı sevindirmək istəyirəm. İnanıram ki, hələ bundan sonra da gözəl-gözəl obrazlar yaradacam”, – deyə sənətkar bildirib.