Yasamal rayonunda növbəti yaşayış binası üçün faciəyə zəmin yaradılır. Binanın zirzəmisi heç bir rəsmi icazə olmadan qazılıb, binanın əsas bünövrəsinin bir hissəsi sökülmək üzrədir.
Tribuna.az xəbər verir ki, qanunsuz qazıntı işləri Yasamal rayonu Akademik Landau küçəsi 6 ünvanında aparılır. Binanın zirzəmisinə əlavə giriş açmaq məqsədilə bir müddətdir ki, binanın bir hissəsi qazılıb. Qazıntının kimlər tərəfindən aparıldığı məlum deyil.
Sakinlər bildirib ki, qanunsuz şəkildə aparılan qazıntı işləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və sahə üzrə polis əməkdaşlarına müraciətdən sonra işlərin qarşısı alınıb və qazıntı dayandırılıb. Lakin bu, bir neçə ay davam edib.
Sakinlərin verdiyi məlumata əsasən, qanunsuz aparılan qazıntı işlərinə bir neçə gündür ki, yenidən start verilib və binanın bünövrəsi zədələnərək qanunsuz giriş açılıb. Sakinlər iddia edib ki, binanın bünövrəsi olan divardan qapı açılması binanı zədələyib.
Sakinlər bildirib ki, bina artıq zədəli sayılır:
“Bu qanunsuz işlər binamızın əsas divarına zədə vurub, çökmə və çatların yaranma ehtimalını artırıb. Bu işlər binanı qəzalı hala salır. Bir balaca zəlzələ olsun, silkələnmə baş versin, binamız çökə bilər. Bunun cavabını kim verəcək o zaman? Kimlər qazır, işi kimlər aparır, binanı kim zədələyir bilmirik. Sabah bədbəxt hadisə olanda kim daşıyacaq bunun məsuliyyətini?”.
Binanın zirzəmisində aparılan işlərin kimlər tərəfindən və hansı məqsədlərlə aparıldığı məlum deyil. Aparılan işlər barədə bina sakinlərinə nə məlumat verilir, nə də rəsmi icazə ilə bağlı sənəd təqdim edilir. Sakinlər narazı və narahatdır.
Sakinlər aidiyyəti qurumların tezliklə bununla bağlı tədbir görməsini tələb edirlər.


