Yaşanan ənənələr uğur gətirir

Akif Cabbarlı
Yazıçı – publisist,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru

 

İyulun 22-də ölkəmizdə Milli Mətbuatımızın 148 illiyi qeyd olunacaq. Azərbaycanın çoxəsrlik tarixinə, xalqımızın keşməkeşli taleyinə geniş spektrdə işıq salan, ictimai-siyasi həyatımızı, xalqımızın adət-ənənələrini, bütün sahələrdə möhtəşəm quruculuq fəaliyyətini salnamələşdirən professional jurnalistikamızın bayramını qeyd edənləri bu sahədə artıq əlli il fəaliyyət göstərən qələm adamı kimi mən də ürəkdən təbrik edirəm.
 

Milli mətbuatımızın klassik ənənələrə sadiqlik prinsipləri, saflıq, dürüstlük zəminində inkişafı, cəmiyyətin ləkəsiz aynasına çevrilmək cəhdləri dövlətimiz tərəfindən daim dəstəklənir, yaxşı nə varsa,hamısı yüksək səviyyədə dəyərləndirilir. Redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, qəzetlərin çap xərclərinin azaldılması, borcların silinməsi ilə bağlı vaxtilə ulu öndər Heydər Əliyevin atdığı addımlar bu gün də ölkə rəhbəri İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlər dünyada analoqu olmayan yaxşılıq və hörmət əlaməti,xeyirxahlıq missiyası kimi qiymətləndirilir.
 

Yaxşı xatırlayıram, ötən əsrin 70-80-ci illərində şəhər ziyalıları, dövlət qulluqçuları, xüsusən də tələbə – gənclər paytaxtın küçə və meydançalarında quraşdırılmış qəzet vitrinlərinin qarşısında mütləq ayaq saxlayar, Moskvada və Bakıda nəşr olunmuş nüfuzlu mətbuat orqanlarının aktual mövzuda maraqlı yazılarını elə ayaqüstəcə oxuyardılar. Təbii ki, o vaxt abunə yazılışı da həyata keçirilirdi və hər kəs istədiyi, arzuladığı qəzet-jurnalı axşamlar evlərində mütaliə edərdi. Rəsmi dövlət qəzetlərində, eləcə də sahə nəşrlərində hər bir oxucunun ürəyincə olan, maraq dünyasına uyğun yazılar tapmaq mümkün idi. Təbii ki, bu gün də ölkəmizdə nəşr olunan qəzet və jurnallarda, saytlarda və xəbər portallarında günümüzlə səsləşən, qəlbimizdən keçən mövzular çoxdur və yüksək professionallıqla qələmə alınan yazılar qədərincədir. Bu mənada,keçmiş zamanların ənənələrini yaşatmağın yalnız fayda verəcəyini unutmaq olmaz. Məşhur Çin filosofu Konfutsi deyirdi ki, ən yaxşı yenilik çoxdan unudulmuş köhnəlikdir.Təbii ki, hər bir ictimai quruluş, zamanın gərdişi özü ilə bir sıra zərurui yeniliklər də gətirir və bu tendensiyadan uzaq qaçmaq mümkün deyil. Amma zamanında meydana gələn və bu gün də gərəyimiz olan forma və metdolardan,yanaşma tərzindən niyə də istifadə etməyək?
 

Zənnimcə, dövrümüzün mühüm atributları sırasında vaxtilə əlimizdən tutan, dividend gətirən dəyərlərdən də istifadə etməliyik.Doğrudur, indi bir sıra mətbuat orqanlarında, xüsusən internet-mediada çox vaxt”qışqıran”, səs-küylü mövzulara üz tutulur, bununla da sanki oxucu toplamağa səy göstərilir. Amma belə mövzuların əvəzinə insan taleyi, elmimizin bu günü,uşaqlarımızın gələcəyi, təhsilimizdəki vəziyyət, lap elə mətbuatımızın indiki durumu ilə bağlı saysız-hesabsız mövzular var ki, qəzet səhifələrində,saytlarda görünsə, yəqin ki, həm oxucular, həm də bütövlükdə cəmiyyətimiz üçün olduqca faydalı olar, böyük maraqla qarşılanardı. Ola bilsin ki, bəziləri mənim bu düşüncələrimi nostalji hisslərə söykənən, köhnə fikirli birisinin duyğuları kimi dəyərləndirsin. Amma bu cür düşüncə daşıyıcılarının müasir fikirlilərlə eyni zaman kəsiyində və bir müstəvidə yaşayışını və fəaliyyətini də unutmaq olmaz. Elə buradaca deyim ki, unudulmuş qəzet janrlarına – oçerk və reportajlara, müsahibə və zarisovkalara, xatirə yazılarına, memuarlara yeni nəfəs, həyat verilsə, təbii ki, bu, indiki yazarlara nüfuz qazandırardı.
 

İndi deyəcəyim fikirləri vaxtilə mətbuatda səsləndirmişəm. Zənnimcə, yenidən xatırlatsam, yerinə düşər. Bir vaxtlar paytaxtın küçə və meydanlarında saysız-hesabsız qəzet köşkləri qoyulmuşdu. Bəli, məhz qəzet köşkləri.İlk vaxtlar xeyirxah missiya daşıyıcıları olan bu obyektlər normal işləyir, qəzet-jurnal xiridarlarını razı salırdılar. Amma sonralar bu köşklər gündəlik istehlak məhsulları,oyuncaqlar, çeşidli xırdavat malları ilə zənginləşdirildi. Başa düşüləndir. Adam qazanmaq, həm də işığın, suyun pulunu, kirayə haqqını vaxtında vermək istəyir.Yuxarı dairələrdəki arxalarına güvənən bəzi köşk satıcıları çap məhsullarının realizəsini arxa plana keçirdilər. Beləliklə, az-çox itirən, bu satlıq malların içində itib-batan da qəzet və jurnallar oldu. Onsuz da çap mediasına marağın getdikcə azalması, abunənin çətinləşməsi fonunda redaksiyalar maliyyə çətinlikləriilə üzləşməli olublar. Elektron KİV-in sürətli inkişafı, qəzet, jurnal redaksiyalarının professional kadr qıtlığını, insanların daha operativ və xərcsiz-filansız informasiya əldə etmək istəyini də unutmaq olmaz.
 

Son vaxtlar mətbuatımızda sağlam atmosferin bərqərar olunması ilə bağlı atılan addımlar media mənsublarının ürəyincədir. İndi gənclər daha həvəslə yazmağa, neqativ məsələlərin çözülməsinə yaxından kömək etməyə cəhd göstərirlər. Onların qarşısında yaşıl işıq yandırmaq müvafiq orqanların əsas vəzifəsinə çevrilməlidir. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları da yaddan çıxarılmamalıdır. Onların yubileylərinin keçirilməsi, kitablarının təqdimatı,sosial problemlərinin həlli bu insanları mənəvi cəhətdən həvəsləndirər, yenidən cəmiyyətə, media aləminə dönüşünə rəvac verərdi.
 

Yaşlı və artıq işləməyən jurnalistlərin təcrübəsindən öyrənmək üçün yollar axtarılmalıdır. Bu adamların iştirakı ilə gənc yazarlar üçün “ustad dərsləri” keçirilməsi və onların təcrübəsini əks etdirən xüsusi nəşrin hazırlanması faydalı olardı. Mətbuat Şurası nəzdindəki Ahıl Jurnalistlər Birliyinin veteran yazarların arzularını reallaşdırmaq niyyətini alqışlamaq gərəkdir. Yeri gəlmişkən, ustad hesab olunan profesionallar arasında ayrıca yazı müsabiqəsi keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək də olduqca zəruridir. Bu tədbirlər onların hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdən təminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərin imkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə ahıl jurnalistlərimizin sevincinə, daha səmərəli çalışmasına səbəb olardı. Bu cür praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərim zamanı “Vaşinqton-Post”, “Nyu-York Tayms” kimi nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam. Redaksiyalar sadaladığım istiqamətlərdə fəaliyyətlərini gücləndirsələr, zənnimcə, yaxşı səmərə verərdi.Yeri gəlmişkən, niyə də müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi jurnalistlər də işə test yolu ilə götürülməsin? Belə olarsa, qəzet redaksiyaları da qazanar, redaksiyalara yalnız professionallar gələr, jurnalist olmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin qulpundan yapışarlar. Elə buradaca vurğulamaq istərdim ki, qəzetlərin daha populyar olması, nüfuz qazanması üçün tənqidi yazılara, cəmiyyətin problemlərinin həllinə kömək olası materialların dərcinə rəvac verilməli, reklam bazarı gücləndirilməli, bütövlükdə rəngli çap versiyasına keçilməsi üçün tədbirlər görülməlidir. Bütün bunlar isə qəzet, jurnal redaksiyalarının, Mətbuat Şurasının, Medianın inkişafı Agentliyinin öz potensial imkanlarından daha səmərəli istifadəsini, radikal islahatların genişləndirilməsini zəruri edir.
 

Çap mediasının inkişafına vaxtaşırı dövlət dəstəyi göstərilirsə qəzet redaksiyalarının yaradıcı kollektivləri də təbii ki, öz işlərini dövrün tələblərinə uyğunlaşdırmağa səy göstərməli, oxucuları maraqlandıran, cəlb edən yazıların sayını artırmalıdırlar. Analitik təfəkkürlü, müasir texnologiyalardan yaxşı baş çıxaran jurnalistlərin normal fəaliyyət göstərməsi, heç bir maddi və mənəvi çətinliklə üzləşməməsi üçün müvafiq qurumlar radikal islahatlara meydan verməlidir. Elə buradaca “Xalq qəzeti” redaksiyasında aydın nəzərə çarpan yenilikləri qeyd etmək yerinə düşərdi. Azərbaycan dövlətinin sosial – iqtisadi və mədəni sahədə qazandığı uğurlardan,  müharibə şəraitinin diqtə etdiyi böyüklü – kiçikli problemlərdən, adi oxucunun belə ürəyindən keçən məsələlərdən bəhs edən yazılar böyük maraqla qarşılanır. Qəzet nömrədən – nömrəyə təzələnir, səifələrdə hər kəsin ürəyindən keçən mövzuların boy göstərməsi, çığıran yox, çağıran sərlöhələrdən tutmuş, yazıların məna dolğunluğuna, problemlərə yanaşma texnologiyasına qədər – hər şey razılıq doğurur. Deməli təşəbbüs olanda, yaradıcılıq prinsiplərinə və fəaliyyət normativlərinə düzgün əməl etdikdə uğur qazanmaq da xeyli asanlaşır.
 

Çap mediasında çalışan həmkarlarımdan bir gözləntim də odur ki, mövzu seçimi ilə yanaşı materialların başlıqlarına, sərlövhələrə xüsusi fikir versinlər. Mətnlərin uzun müddət yadda qalması, unudulmaması, tarixləşməsi təbii ki, bu iki amildən və yazıların dürüst redaktəsindən xeyli dərəcədə asılıdır. Mətnlər də hansısa rəsm əsəri yaxud heykəltəraşlıq nümunəsi kimi yad elementləri heç cür qəbul etmir. Rəssamın, heykəltaraşın xırdaca səhvi dərhal nəzərə çarpırsa yazıları oxuyanlar da mətndə ögey notları dərhal tuturlar. Bu, birmənalı belədir və klassik jurnalistikanın dəyişməz prinsipləri ilə tamamilə üst – üstə düşür.
 

İşimlə əlaqədar müxtəlif janrlı filmlər üçün yazılmış ssenariləri oxumalı oluram. Uğurlu mətnlərlə yanaşı bəzən elə hallarla rastlaşıram ki, sözlə ifadəsi mümkün deyil. Cümlələr strukturca bərbad, fikirlər bəsit, mövzu şablon, yanaşma köhnə və yararsız… Belə ssenarilərlə işləmək, ortaya babat bir film qoymaq da rejissora olduqca çətin başa gəlir. Sonradan görürsən ki, filmdə ssenari müəllifinin bircə fikri, deyimi belə qalmayıb, güc tamamilə rejissorun üzərinə düşüb. Təbii ki, bu, ayrıca mövzudur, ona görə də bu barədə fikirlərimi tamamlamaq istərdim.
 

Mətbuatımız üçün əlamətdar olan bir gündə vaxtilə əməkdaşı olduğum “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində, yazılarımı həvəslə dərc etdirdiyim “525-ci qəzet”, “Şərq”, “Ədalət”, “Bütöv Azərbaycan”, “Reytinq”, “Bakı-xəbər”, “İki sahil”, “Təzadlar” qəzetlərində, xətrini əziz tutduğum qələm dostlarımın çalışdığı “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Xalq cəbhəsi”, “Səs” qəzetlərində, habelə ölkə telekanallarında və radiolarda, xəbər saytlarında  işləyən həmkarlarımı ürəkdən təbrik edir, hər birinə yaradıcılıq uğurları, print – medianın inkişafı yolunda səbr və dəyanət arzulayıram. Bir də onu arzulayıram ki, “Reytinq” qəzeti kaş ki, müvafiq qurumların dəstəyi ilə öz fəaliyyərini yenidən davam etdirsin. Buna kollektivin tam mənəvi haqqı çatır desək yanılmarıq. Şimallı – cənublu vətənimizin parlaq söz aynasına çevrilməkdə olan “Bütöv Azərbaycan” qəzetinin maddi və mənəvi cəhətdən dəstəklənməsinə ciddi ehtiyac duyulduğu da yaddan çıxarılmamalıdır.

Sonda ümidvar olduğumu bir daha bildirmək istərdim ki, vicdanlı jurnalistikamızın daşıyıcısı olan qələm sahibləri öz fəaliyyətləri boyu yalnız H.B.Zərdabi, Mirzə Cəlil, Üzeyir Hacıbəyli və digər klassiklərimizin ənənələrinə sadiq qalacaq. Milli mətbuatımızın cəmiyyətin güzgüsü olduğunu öz əməli işləri ilə doğruldacaqlar.

Mənbə

Share: