““Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq”.
Mediamızın sakit üfüqlərində şimşək kimi çaxan bu fikri qəzetin baş redaktoru Bəxtiyar Sadıqov bu gün Milli Məclisdə bəyan edib. Yəni, bir növ kontrabasın yayını qılınc kimi başının üstünə qaldırıb bağıran “Bəxtiyar” filminin qəhrəmanı kimi: “PULUMU VERİN!”
Yəni, mənə dəxli yoxdur, qəzet yaxşı çıxır, ya çıxmır, oxunur ya oxunmur – pulumu verin, vəssalam.
Əsas puldur, özü də 1,5 milyon manat! Nəzərə alaq ki, hələ qəzetin kağızının, mətbəəsinin xərci bu məbləğə daxil deyil.
Rəsmi qəzetin baş redaktoru rəsmi səviyyədə bəyan edib ki, pul verilməsə, qəzeti bağlayacaq.
Əvvəla, bir məsələyə aydınlıq gətirək: Sən kimsən ki, qəzet bağlayasan? Sən ora 21 ildir rəhbərlik edirsən deyə, elə bilirsən ki, artıq qəzet şəxsi əmlakındır və onunla istədiyin kimi davrana bilərsən? Hələ deputat ola-ola özünü o səviyyədə aparırsan ki, Milli Məclisin orqanı olan bir qəzeti şəxsi istəyinlə bağlayacağını elan edirsən. Sən kimi şantaj edirsən?
Gəlin, bir balaca sualların foksunu dəyişək – niyə müəllimin, həkimin, sadə məmurun boğazından kəsib sənin baş redaktor olduğun qəzetə abunə yazdırmalıdırlar, pul verməlidirlər?
Ona görə ki, Cənab Prezidentin hakimiyyətə gəlişinin 19-cu ilinə həsr etdiyin xüsusi buraxılışda başdan-ayağa plagiat yazılar verəsən? Dövlətin və onun liderinin sənin plagiat təbliğatına ehtiyacı var?
Ona görə ki, Türkiyədəki zəlzələdən sonra “Dövlətləri, prezidentləri, sıravi vətəndaşları daha da doğmalaşdıran fəlakət” sözlərini manşetdən yazasan?
Ona görə ki, ötən ilin iyununda Vasif Talıbovu vəsf eləyən kitab buraxıb, adını “Naxçıvan həqiqətləri” qoyasan?
Yaşı yetmişi çoxdan adlamış baş redaktor dövləti şantaj yolunu seçib və bunu ölkənin ali qanunverici orqanının tribunasından edir.
Maraqlıdır, siyasi-ideoloji rəhbəri Ramiz Mehdiyevlə qürur duyduğunu yüksək səslə deməkdən fəxarət olan Bəxtiyar Sadıqov daha nə etməlidir ki, məmləkətimizin adını daşıyan qəzetin hörmətini yerlə bir eləsin.
Spiker Sahibə Qafarovanın şantaj çıxışına münasibətində bir məqamı vurğulayaq: “Bu məsələ ilə bağlı sizinlə digər qurumlar da danışıqlar aparıb. Gərək siz də bu günün tələbinə uyğun iş görəsiniz”.
Kifayət qədər korrekt və səliqəli verilmiş cavabdır. Bu fikrin davamını gətirəsi olsaq, Bəxtiyar Sadıqova sual verilməlidir ki, niyə “Azərbaycan” qəzeti Milli Məclisin yox, “Təzə Pir” məscidinin orqanına oxşayır? Özünün də ifadə etdiyin kimi milyonluq qəzeti gör nə günə salmısan ki, az qalırsan, manşetə də 3-5 manata kiminsə başsağlığını yerləşdirəsən.
65 nəfərin işsiz qalacağı ilə təhdid etmək əvəzinə, niyə özünə sual vermirsən ki, bu qədər adamın iştirakı ilə normal, oxunaqlı, günün tələblərinə uyğun bir qəzet buraxmağı bacarmıram?
Yaxşı olar ki, “Azərbaycan” qəzetini bağlamaq anonsunu vermək əvəzinə, özünün ixtiyarında olanı bağlayasan…
Hələlik ağzını…(Qafqazinfo)