“Bu mənada “Həmas”-İsrail qarşıdurması istər bütövlükdə Cənubi Qafqaz, istərsə də ayrıca Azərbaycan üçün özündə ciddi təhlükə və təhdid yükü daşıyır…”
“Biz hələ Yaxın Şərqdə gerçəklikdə nə baş verdiyini və bunun ardınca nələr baş verəcəyini bilmirik. Hələlik orada nə baş verdiyini biz kiçik çapda görürük…”
Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib:
“İsraildə baş verənlərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana ilk baxışdan heç bir təsiri yoxdur. Amma birbaşa olmasa da, dolayısıyla həmin olayların regiona və ölkəmizə çox ciddi təsiri var. Məsələ burasındadır ki, biz hələ Yaxın Şərqdə gerçəklikdə nə baş verdiyini və bunun ardınca nələr baş verəcəyini bilmirik. Hələlik orada nə baş verdiyini biz kiçik çapda görürük. “Kiçik çap” dedikdə mən “Həmas”-İsrail qarşıdurmasını nəzərdə tuturam. Bunun böyüyəcəyi, başqa hansısa proksilərin bu prosesə qoşulacağı halda Yaxın Şərqdə böyük savaş başlaya bilər. Və təsadüfi deyil ki, ABŞ öz hərbi potensialını Yaxın Şərqə toplamaqda davam edir. Amerikanın ən böyük təyyarədaşıyan gəmisi – “USS Gerald R.Ford” artıq İsrail sahillərindədir. Ayın 11-də Pentaqon elan etdi ki, ikinci belə bir aviadaşıyıcı gəmi göndərib regiona – deməli, böyük müharibə təhlükəsi var” -analitik belə hesab edir.
“Rusiyaya isə hazırda Yaxın Şərqə çıxmaq lazımdır. Məsələ burasındadır ki, regionda böyük savaş baş verərsə, məsələn, konkret olaraq İrana qarşı hər hansı bir əməliyyat başlayarsa, bu, Kreml üçün siqnal olacaqdır ki, Rusiya Yaxın Şərqə çıxsın və bir geo-siyasi güc kimi həmin prosesdə özünü göstərsin, iştirak eləsin, onu təsbit eləsin və s. Bunun üçün, yəni həmin regiondakı proseslərə birbaşa müdaxilə etmək üçün isə Rusiya Azərbaycan üzərindən keçməlidir. Onun başqa quru yolu yoxdur Yaxın Şərqə… Bu mənada “Həmas”-İsrail qarşıdurması istər bütövlükdə Cənubi Qafqaz, istərsə də ayrıca Azərbaycan üçün özündə ciddi təhlükə və təhdid yükü daşıyır”-deyə ekspert vurğulayıb.