Dünya ölkələri çox sərt tədbirlər həyata keçirsə də, virus yayılmaqda davam edir. Hazırkı vəziyyətdə qorunma tədbirlərindən başqa çarəmiz yoxdur.
Milletinsesi.az xəbər verir ki, bunu Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Maska tənəffüs yollarını bağlamalıdır, əks halda istifadəsinin mənası qalmır. Sosial məsafə və əllərin düzgün yuyulması və dezinfeksiya virusla mübarizədə mühüm tədbirlərdəndir”, – o bildirib.
Professor əlavə edib ki, insanlar evdə müalicə olan xəstədən özünü təcrid etməlidir: “Bu gün ailədaxili yoluxmalar sürətlə artmaqdadır. Ailədaxili yoluxma qeydə alındıqda həkimə müraciət edib, evdə müalicə oluna bilərlər. Lakin hər bir xəstə şəxs ətrafındakıları qorumalıdır.
Digər məsələ isə odur ki, vətəndaşlar xəstəlik haqqında məlumatlı deyillər. Şəxs soyuqlama halı hiss edən kimi dərhal xəstəxanaya müraciət edərək, ağciyərləri rentgen və kompüter tomoqrafiya etdirməyə cəhd edir. Lakin görüntülər təmiz çıxdıqda, özünü sağlam hesab edir. Hamı bilməlidir ki, xəstəliyin ağırlaşması virus ciyərlərə düşdüyü zaman baş verir. İnsanlar qızdırması olan kimi KT etdirməyə cəhd edir. Hamı bilməlidir ki, COVID-19 diaqnozu üçün KT köməkçi diaqnoz vasitəsidir. COVID diqanozunda PZR analizləri əsas götürülür. Pambıq vasitəsilə yuxarı tənəffüs yollarından analiz götürülür. PZR müayinəsi bunu təsdiq edirsə, deməli, şəxs xəstədir”.
Akif Qurbanov bildirib ki, bəzi hallarda xəstəlik simptomsuz keçir:
“Biz hər birimiz soyuqlama əlaməti hiss etsək, COVID olduğumuzu düşünməliyik və dərhal özümüzü təcrid etməliyik. Bəzi hallarda PZR analizi neqativ olur, lakin xəstədə əlamətlər davam edir. Bu zaman xəstə özünü təcrid qaydalarına əməl etməlidir” .
Professor vətəndaşlara tövsiyə edib ki, lazım olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməsinlər:
“Görüşən zaman yaxın təmasdan qaçmaq lazımdır. İnsanların böyük qismində xəstəliyə qarşı immunitet yaratmasaq, pandemiya ilə mübarizəmiz çətin olacaq. Yaxın zamanda kütləvi COVID vaksinasiyası başlayacaq”.