Yeni Roma Papası kim olacaq?

Aprelin 21-i Papa Fransisk Vatikand vəfat edib. Onun ölümündən sonra bütün dünyada katoliklərin yeni dini liderinin kim olacağı barədə müzakirələr başlayıb.

Modern.az Roma Papası postuna potesinal namizədləri təqdim edir:

Jan-Mark Avelin – Fransadan olan islahatçı

Fransanın Marsel şəhərinin arxiyepiskopu Jan-Mark Avelin 66 yaşındadır. O, Papa XXIII İohanı xatırladan görünüşü və liberal baxışları ilə tanınır. Əlcəzairdə İspaniyadan köçən ailədə doğulan Avelin uzun illərdir Marseldə yaşayır. İmmiqrasiya və İslam dünyası ilə dialoq məsələlərində Papa Fransisk ilə ideoloji yaxınlığı var. 2023-cü ildə Aralıq dənizi məsələlərinə həsr olunmuş beynəlxalq kilsə konfransını təşkil etməsi onun nüfuzunu daha da artırıb. O, Roma Papası seçilərsə, 14-cü əsrdən bəri ilk dəfə fransalı din xadimi bu vəzifəni tutacaq.

Peter Erdo – Mühafizəkar

Macarıstanın 72 yaşlı kardinalı Peter Erdo həm Avropada, həm də Afrikada geniş əlaqələrə malikdir. Teoloji baxımdan mühafizəkar olan Erdo eyni zamanda Vatikanla konfrantasiyaya girməyən praqmatik şəxs kimi tanınır. O, 2015-ci il miqrant böhranı zamanı Papa Fransiskin qaçqınları qəbul etmə çağırışına qarşı çıxması ilə diqqət çəkmişdi. Hüquq üzrə mütəxəssis olan Erdo bir neçə dil bilir, bu da onun diplomatik cəhdlərinə üstünlük qazandırır.

Mario Qreç – Maltadan olan islahatçı

Malta adasının Qozo bölgəsindən olan 68 yaşlı Mario Qreç yepiskoplar Sinodunun baş katibidir. Bir vaxtlar mühafizəkar kimi tanınan Qreç zamanla Fransiskin islahatlarının fəal müdafiəçisinə çevrilib. LGBT icmasına daha açıq yanaşması və ailə strukturlarına dair çağdaş yanaşmaları onu mübahisəli fiqura çevirib. Kiçik ölkədən olması onun seçilməsinin diplomatik baxımdan problem yaratmayacağını göstərir.

Xuan Xose Omella – Sosial ədalətin müdafiəçisi

İspaniyanın Barselona şəhərinin arxiyepiskopu, 79 yaşlı Xuan Xose Omella sadə həyat tərzi və kasıblara yönəlik fəaliyyəti ilə Papa Fransiskin ruhunu daşıyan şəxs kimi qəbul edilir. Zairdə (indiki Konqo) missioner kimi çalışmış Omella İspaniyada sosial problemlərlə yaxından məşğul olub. Uşaq istismarı qalmaqalında təmkinli mövqeyi və Papa ilə yaxın münasibətləri onun üstünlükləri, eyni zamanda bəzi dairələrdə tənqid obyektidir.

Pietro Parolin – Diplomatiya ustası

İtaliyalı kardinal, 70 yaşlı Pietro Parolin, hazırda Vatikanın dövlət katibi – faktiki olaraq ikinci adamıdır. Çin və Vyetnamla münasibətlərin inkişafında əsas rol oynamış Parolin həm mühafizəkar, həm də liberal dairələrə eyni dərəcədə yaxın hesab edilir. Pastoral təcrübəsi az olsa da, zəngin diplomatik bacarığı və çoxdilli olması onun əsas üstünlükləridir.

Luis Antonio Taqle – Asiyanın “Fransiski”

Filippinli 67 yaşlı Taqle Katolik dünyasında “Asiyanın Fransiski” kimi tanınır. İllərlə pastoral və humanitar fəaliyyətlə məşğul olub, Vatikanın missionerlik üzrə orqanına rəhbərlik edib. “Caritas Internationalis”dəki rəhbərliyindən uzaqlaşdırılması suallar yaratsa da, sosial ədalət yönümlü fəaliyyəti və Vatikan təcrübəsi onu güclü namizədlərdən biri edir.

Cozef Tobin – Amerikalı liberal arxiyepiskop

ABŞ-ın Nyuark arxiyepiskopu, 72 yaşlı Cozef Tobin Amerika tarixində ilk papa ola bilər. Açıqfikirli mövqeyi, LGBT icmasına dəstək bəyanatları və Vatikan daxilindəki təcrübəsi ilə tanınır. Nyu Cersi arxiyepiskopluğunda baş vermiş cinsi istismar qalmaqalını şəffaf şəkildə idarə etməsi ona ictimai dəstək qazandırıb.

Peter Turkson – Afrikadan potensial lider

Qana əsilli 76 yaşlı kardinal Peter Turkson sosial ədalət və iqlim dəyişiklikləri üzrə Vatikanın əsas səs sahiblərindən biri olub. Afrika mənşəli ilk papa ola biləcək Turkson Vatikan daxilində rəhbərlik etdiyi idarələr və beynəlxalq forumlarda fəal iştirakı ilə seçilir. Media ilə əlaqələrdə açıq olması bəziləri tərəfindən kampaniya apardığı kimi qiymətləndirilib.

Matteo Maria Zuppi – “İtalyan Fransisk”

69 yaşlı Bolonya arxiyepiskopu Matteo Zuppi “küçə keşişi” kimi tanınır və immiqrantlar, kasıblarla işə xüsusi önəm verir. Münaqişələrin həllində vasitəçi kimi iştirak edən Zuppi Papa tərəfindən Rusiya-Ukrayna münaqişəsində sülh təşəbbüslərinə cəlb olunub. Onun İtaliya Kilsəsinin lideri kimi cinsi istismar məsələlərindəki zəif fəaliyyəti isə mənfi baxış doğura bilər.

Yeni papa seçkilərinin nə vaxt keçiriləcəyi rəsmi olaraq açıqlanmasa da, Vatikan dairələrində artıq favoritlər və strategiyalar formalaşmağa başlayıb. Bu şəxslərdən hər biri müxtəlif təbəqələrin və coğrafiyaların səsini qazana biləcək profildədir.

Mənbə

Share: