Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. “Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib.
Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manatdır.
Fondun bundan sonrakı fəaliyyəti, qarşıya qoyulan məqsədlər haqqında Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, ölkə başçısının fərmanı son illər elm və təhsilə artırılan diqqətin daha bir təzahürüdür.
Deputatın sözlərinə görə, bundan öncə də Elm və Təhsil Nazirliyinin nəzdində bir neçə qurum fəaliyyətə başlayıb:
“Söhbət Tələbə Təhsil Kredit Fondu, Təhsilin İnkişafı Fondundan və digərlərindən gedir. Bu gün də məhz Elmin İnkişafi Fondunun əsasında Azərbaycan Elm Fondu yaradıldı. Hesab edirəm ki, bu qurumun kifayət qədər büdcəsi və imkanları var, publik hüquqi şəxs kimi uğurla fəaliyyət göstərəcək. Dünyanın hər yerində təhsil sahəsində böyük uğurlar əldə edən dövlətlər inkişaf edirlər. Elm Fondu da öhdəliyinə düşən fəaliyyəti həyata keçirməklə etimadı doğruldacaq”.
“Fond çalışmalıdır ki, elmin inkişafına töhfə versin, yeni elmi nailiyyətlər əldə etmək istəyən alimlərə dəstək istiqamətində də addımlar atsın. Artıq yeni təşəbbüslərə, ideyalara ehtiyac yaranacaq. Əsas güc də məhz bu yeniliklərə qoyulmalıdır. Elm adamlarına, onların yaradıcılığına dəstək əsas olmalıdır. Yenilikçi, mütərəqqi qurum kimi Azərbaycan Elm Fondunun uğurlarını gözləyirik. Bu dəfəki fəaliyyət əvvəlki durumdan daha fərqli olacağına inanırıq”, – deputat vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Fondun fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.