Son 2 min ildə Yer kürəsində heç vaxt indiki qədər isti olmayıb. Fransanın “Le Monde” qəzetinin yazdığına görə, beynəlxalq tədqiqatçılar qrupu belə qənaətə gəlib.
Jurnalist Silviya Byurnuf qlobal istiləşmənin yaratdığı situasiya, planetin iqlimindəki kəskin dəyişiklik haqda yazıb. Silviya bildirir: “Sənaye erasının ilk və son illəri arasında temperaturun çox aşağı düşməsi və yüksəlməsi halları az olmayıb. Amma heç vaxt istiləşmə planetin bütün bölgələrini əhatə etməyib”.
İqlim dəyişikliyi üzrə beynəlxalq ekspertlər qrupunun hesabatında yazılıb ki, əvvəllər kəskin iqlim dəyişikliyinin daha fundamental səbəbləri olurdu. Məsələn, planetin hansısa hissəsində vulkanlar çox aktivləşirdi, temperatura ciddi təsir göstərirdi. İndi isə istiləşmə sistemli xarakter alıb.
“Le Monde” qəzeti yazır ki, Yer kürəsinin 98 faizi son 2 min ildə belə istilik görməyib. 20-ci əsrin ikinci yarısından bu cərəyan davam edir. Qitələrdən yalnız Antarktida qlobal istiləşmədən yan qaça bilir. Hərçənd, orada da buzların müəyyən hissəsi əriməyə başlayıb.
İsveçrənin Bern Universitetinin alimi Rafael Neykom təbii amillərin istiləşmənin sürətini və ümumi mənzərəsini izah etmək gücündə olmadığını deyir: “Tədqiqatlarımız göstərir ki, bu vəziyyətə görə məsuliyyət yalnız insanların üzərinə düşür”./Bizimyol.info