Yevgeni Mixaylov: “Fransanın dünyada bir çox terror aktlarında əli var”

Aprelin 12-də Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Fransalı diplomata Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurnenin Rusiya ilə bağlı verdiyi açıqlamaların qəbuledilməz olduğu bildirilib.

 

Bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu və digər Qərb liderlərini “Crocus City Hall”dakı qanlı terror aktının sponsorları olmaları ilə bağlı açıq şəkildə ittiham edib.

 

Aydındır ki, Fransa ilə Rusiya arasında münasibətlər, xüsusən də terror aktında əli olması ilə bağlı ciddi ittihamlar fonunda getdikcə pisləşir. Bunu Oxu.Az-la söhbətində rusiyalı politoloq, Cənubi Qafqaz Ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, “Jurnalist araşdırmaları” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov da təsdiqləyib.

 

– Rusiya Təhlükəsizlik Şurasındakı ikinci şəxs Dmitri Medvedevin bəyanatlarına lazımi diqqət göstərilməlidir. Əgər o, Fransanın “Crocus City Hall”dakı terror aktında əli olduğunu deyibsə, deməli, əlimizdə bunu təsdiqləyən bütün məlumatlar var. Dmitri Medvedev rəsmi simadır, fərziyyələr irəli sürə bilməz. Əgər o bəyan edibsə, deməli, belədir ki, var. Rusiya Təhlükəsizlik Şurası çox ciddi orqandır, orada oturan insanlar bu və ya digər dövlətlərin hərəkətləri haqqında tam məlumata malikdirlər.

 

İndi Rusiya ilə Fransa arasında münasibətlər getdikcə pisləşir, biz diplomatik münasibətlərin mümkün qırılması ərəfəsindəyik. Fransa səfiri artıq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Paris diplomatik qarşıdurmadan çıxış yollarını təklif etməlidir; bu baş verməsə, daha sərt qərarlar veriləcək. Fransa bizim geosiyasi düşmənimizdir, bu, göz qabağındadır. Həmçinin Paris Azərbaycan üçün də eyni şəkildə düşməndir.

 

Hazırda bir çox resurslarından məhrum olmuş Fransanın nüvə enerjisi ilə bağlı problemləri ortaya çıxıb, həmçinin bir sıra başqa sahələrdə də çətinlikləri mövcuddur. Paris Rusiyanın zəiflədilməsi üçün müxtəlif cəbhələrdə səylər göstərir.

 

Düşünürəm ki, biz Fransanın cinayət (“Crocus City Hall”dakı terror aktı – red.) ortağı elan edilməsinin sondan bir əvvəlki mərhələsindəyik.

 

– Sirr deyil ki, Fransa erməni terrorizmini, xüsusən də ASALA kimi terror təşkilatını dəstəkləyir. Parislə İŞİD arasında əlaqələrin olduğuna dair məlumatlar da var. Ayrıca qeyd etmək yerinə düşərdi ki, Fransada Qarabağ erməniləri Ukraynadakı əməliyyatlara göndərilmək üçün hazırlanır…

 

– … xatırlamaq lazımdır ki, ASALA terrorçuları erməni diasporunun çox sıx məskunlaşdığı və Fransanın siyasi isteblişmentinə güclü təsiri olan Fransada türk diplomatlarına hücum ediblər. Fransanın bütün dünyada bir çox terror aktlarında əli var. Fransızlar Fransanın Afrikadakı siyasəti ilə razılaşmayan Afrika dövlətlərinin liderlərini öldürüblər. Fransızlar güclü olduqları vaxtlarda, ümumiyyətlə, heç nə haqqında düşünmürdülər, tamamilə qanunsuz işlərlə məşğul olurdular.

 

ASALA ilə bağlı məsələyə qayıdıram və qeyd edirəm ki, zənnimcə, hazırda bu strukturdan bir neçə insan qalıb. Amma bu o demək deyil ki, fransızlar başqa erməni terror qruplaşmaları yaratmağa və ya dəstəkləməyə başlamayacaqlar. Biz bilirik ki, “qaçqın” adlandırılan Qarabağın erməni sakinləri arasında fəal iş aparılır. Məlumatlar var ki, Fransanın özündə onları Ukrayna cəbhəsinə göndərilmək üçün hazırlayırlar.

 

Mənbə

Share: