“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlayıb.
ADY-dən Milletinsesi.az-a verilən məlumata görə, Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmiryolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.
İşğala son qoyulduqdan sonra digər qurumlar kimi “Azərbaycan Dəmir Yolları”nın müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır.
“O cümlədən, ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb”, – ADY-dən bildirilib.
Qeyd edək ki, noyabrın 24-də Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Ümumi uzunluğu 45 km olan Bərdə-Ağdam dəmiryol xəttinin layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ADY-yə ilkin olaraq 5 mln. manat ayrılacaq.