Yevlax-Zaqatala-Gürcüstan yolunda iş başladıldı

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılacaq. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunacaq. Bunun ardınca isə əlaqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edəcək. Artıq körpülərin inşası istiqamətində də hazırlıq işlərinə start verilib.

Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçidin inşası, 32 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.

 

Share: