Yunanıstan hökuməti bu ilin sonunda energetika və iqlim üzrə yeni milli siyasət qəbul edəcək. Yeni siyasət 2021-ci ildən bütün ölkədə birdəfəlik plastik məmulatdan istifadənin tam qadağan olunmasını, liqnitlə işləyən elektrik stansiyalarının 2028-ci ilədək bağlanmasını və elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 35 faizə qədər artırılmasını nəzərdə tutacaq.
Milletinsesi.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis BMT iqamətgahında İqlim Sammitində çıxışında bəyan edib.
Hökumətin başçısı deyib ki, Yunanıstan parnik qazları tullantılarının 2020-ci ilə qədər azaldılmasına dair öz hədəflərinə artıq nail olub. “Biz elektrik enerjisinin 20 faizini bərpa olunan mənbələrdən hasil edirik və 2030-cu ilə qədər bu rəqəmi 35 faiz səviyyəsinə çatdırmaq istəyirik”, – deyə Mitsotakis vurğulayıb. Onun sözlərinə görə, Yunanıstan hökuməti ilin sonuna qədər energetika və iqlim sahəsində yeni iddialı milli strategiya qəbul etməyi planlaşdırır.