
Noyabrın 4-də QHT Agentliyinin dəstəyi ilə “Zəfər Günü”-nün il dönümü münasibətilə oktyabrın 7-də başlanan və Azərbaycanın bütün bölgələrini əhatə edən vətənpərvərliyin təbliğinə yönəlmiş “Zəfər Forumu”-nun bağlanış tədbiri təşkil edilib.
“Zəfər forumu”-nun bağlanışına həsr olunan tədbirə Azərbaycan Himninin səslənməsi ilə start verilib. Şəhid və qazilərimizin 44 günlük şücaətindən bəhs edən tədbir əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin moderatorluğu, birinci və ikinci Qarabağ müharibəsi veteranları ,şəhid ailələrinin üzvləri, milli ordumuzun hərbi qulluqçuları və QHT təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbir zamanı Şuşanın işğaldan azad olunduğu gün Azərbaycan əsgər və zabitlərinin canları, qanları bahasına Şuşaya ilk sancılan Azərbaycan bayrağı zala gətirilib. Həmçinin tədbirdə birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları, şəhid valideyinləri çıxış edərək Azərbaycan ordusuna və Ali Baş Komandana öz dəstəklərini ifadə ediblər. Milli Qəhraman Əliyar Əliyevin hərbiçi oğlu mayor Emin Əliyev çıxışında söyləyib ki, Azərbaycan ordusu ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətlə yeni bir tarix yazdı. Həmçinin torpaqlarımız işğaldan azad oldunduğu zaman birinci Qarabağ müharibəsi şəhidlərinin, o cümlədən Milli qəhraman Əliyar Əliyevin qanı yerdə qalmadı.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri Vüsal Quliyev çıxışı zamanı xalq-iqtidar,milli birlik nəticəsində qazanılan 44 günlük qələbədən bəhs edib. Şəhidlərimizin ruhu qarşısında baş əyərək, bu şanlı tariximizi yaradanlara, qazilərimizə, müharibə veteranlarına, həmçinin onların valideynlərinə təşəkkürünü ifadə edib. 44 günlük müharibə ərzində Azərbaycanın haqq səsini dünyaya çatdıran, hərbi uğurlarımızı siyasi uğurlara çevirən Azərbaycan Respublikasının Prezidenti, Milli Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin bütün dünyaya nümayiş etdirdiyi siyasi iradənin, dəmir yumruğun ətrafında hər zaman sıx birləşməli olduğumuzu diqqətə çatdırıb.Həmçinin prezident İlham Əliyevin “Zəfər günü” ilə bağlı imzaladığı sərancamların əhəmiyyəti haqqında söhbət açıb. Çıxışının sonunda Vüsal Quliyev Azərbaycan əsgərinin rəşadəti və Ali Baş Komandanın qətiyyəti hesabına qazanılmış şanlı qələbənin il dönümü, 8 noyabr “Zəfər günü” münasibətilə bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik edib.

Tədbirdə çıxış edən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “Zəfər günü”-nün milli birliyimizin, ərazi bütövlüyümüzün bərpasına yönəlmiş mübarizə əzmimizin göstəricisi olduğunu qeyd edərək, Agentlik adından şəhidlərimizin əziz xatirəsinə ehtiramını ifadə edib. Çıxışı zamanı Agentliyin dəstəyi ilə vətənpərvərliklə bağlı keçirilən layihələrdən söhbət açan Aygün Əliyeva bildirib ki, Agentlik təkcə “Zəfər günü” ərəfəsində deyil, istənilən zaman milli ruhda qəhramanlıq ənənələrimizin təbliği ilə bağlı keçirilən layihələrə dəstək verməyə hazırdır.

Tədbir əməkdar artist, polkovnik-leytnant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin,incəsənət nümayəndələrinin iştirakı ilə vətənpərvərlik mahnılarının səslənməsi ilə davam edib.
Leyla Şah