Azərbaycan xalqı 8 noyabr Zəfər Gününü qeyd edir. İki il öncə məhz bu gün 44 günlük Vətən müharibəsinin gedişində azad edilən ərazilərimizin davamı olaraq, mədəniyyətimizin beşiyi Şuşa şəhəri düşmən tapdağından təmizləndi. Şuşanın azad edilməsi Azərbaycan üçün rəmzi məna dayışırdı.
Məhz buna görə, hər il ölkəmizdə 8 noyabr Zəfər günü kimi qeyd olunur.
Təəssüf ki, Ordumuz 8 noyabr tarixində də itkilər verib.
Modern.az saytı müharibə zamanı məhz noyabrın 8-də şəhadətə qovuşan Azərbaycan hərbçilərinin siyahısını təqdim edir.
Şəhid Asif Nəsir oğlu Mədədov – 1 iyun 1988-ci ildə Ağstafa rayonu Kolxəlfəli kəndində anadan olub. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
2006–2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olan şəhidimiz 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Asif Mədədov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Ailəli idi.
Şəhid Bəhruz Tağızadə 14 sentyabr 1999-cu ildə Qax rayonunda anadan olub. Əsgər Bəhruz Tağızadə 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində könüllü iştirak edib. O, Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qəhrəmanımız 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub, noyabrın 16-da dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bəhruz Tağızadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsin zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
8 noyabr 2020-ci ildə Şuşa uğrunda döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb.
Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib.
Cəlil Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid gizir İlkin Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpü kəndində anadan olub. İlkin Ağayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Şəhidimiz Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid baş gizir Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb.
Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən Mehrab Niftəliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Həmçinin şəhidimiz, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilib.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Şəhid Mustafa Babayev 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta təhsilini 2007–2018-ci illərdə E.Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində alıb. Mustafa evin tək oğlu, 3 bacının 1 qardaşı idi. Subay idi.
Mustafa Babayev 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Babayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidimiz Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Kiçik çavuş Nicat Xələfov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
O, 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Xələfov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nicat Xələfov ölümündən sonra “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub. 2000-2011-ci illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə təhsil alıb.
Orxan Quluzadə 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Azərbaycan Quru Qoşunlarının Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən 4-cü Ordu Korpusunda müddətli həqiqi hərbi xidmət keçib. 2018-ci ildən isə Azərbaycan Çevik Hərəkət Qüvvələrinin Yevlax briqadasında kiçik gizir kimi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Zəngilan döyüşləri zamanı Şükürataz dağı istiqamətində şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən, Orxan Quluzadə “Qarabağ” ordeni ilə təltif edilib.
Şəhidimiz həmçinin, Prezidentin müvafiq sərəncamları ilə sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medallarına da layiq görülüb. Evli idi, bir qızı yadigar qalıb.
Şəhid Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2006-2017-ci illərdə Ə.Məmmədov adına 2 nömrəli tam orta məktəbdə oxuyub. 2017-2018-ci illərdə isə Şəki Texniki Kollecində “Turizm və idarəetmə təsərrüfatının təşkili” ixtisası üzrə təhsil alıb. Subay idi.
Pənah Məmmədov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Əsgər Pənah Məmmədov 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Pənah Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Leytenant Rəhman Əjdərov 1997-ci il mayın 14-də Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Vətən müharibəsi zamanı Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Rəhman Əjdərov noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Xocavəndin azad olunmasına görə” medalı, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamil Babayev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şamil Babayev “Zəfər” ordeni ilə təltif edilib.
Şəhidimiz həmçinin, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!