Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
Ərazi bütövlüyümüzün təmin olunması məqsədi daşıyan bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini nümayiş etdirdi. İllərdir havadarlarının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüququn normalarına əməl etməyən ermənilər və onların “məğlubedilməz ordusu” cəmi 44 gün ərzində darmadağın edildi. Düşmən ordusu haqqında yaradılmış mif və nağılların təbliğat coğrafiyası o qədər geniş idi ki, hətta müharibədən sonra düşmən ölkənin əhalisi aylarla reallıqda nə baş verdiyini dərk edə bilmədilər.
Vətən müharibəsi sadəcə Azərbaycan ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlığın real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı. Bu müharibə həm də Azərbaycan əsgərinin, Azərbaycan xalqının Vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrdə iz saldı. Dövlət-xalq-ordu birliyi ordunun güc mənbəyinə çevrildi. Məhz bu Vətən sevgisi, həmrəylik nəticəsində düşmən döyüş meydanından silah-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu.
44 gün ərzində, dövlət başçısının da ifadə etdiyi kimi, bir addım belə geriyə addım atmayan ordumuz Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı azad etməklə müharibəyə son qoydu. Strateji baxımdan alınmaz yüksəklikdə yerləşən Şuşa şəhəri Azərbaycan əsgərinin misli görünməmiş qəhrəmanlığı, taktiki bacarığı, əlbəyaxa döyüşü ilə azad edildi. On minlərlə fərarisi olan, ordusunun 80 faizi məhv edilmiş düşmən bu dəfə diz çökərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yaxşı bilirik. Bu şanlı Zəfər günündə biz eyni zamanda şəhidlərimizin ailələri ilə birlikdə kədərlənirik.
Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Dövlət başçımızın və birinci xanımın şəhidlərimizə yüksək ehtiramı Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlərin valideyinlərinə, yaxınlarına, əzizlərinə təsəlli, həm də mənəvi dəstəkdir. Müharibə bitəndən sonra şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Bu sahədə yeni tədbirlərin müəyyənləşməsi üzrə işlər davam edir.
Qeyd edim ki, bu məqsədlə müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 19 fərman, 40 sərəncam imzalanmış, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 16 qanun qəbul edilmişdir. Ölkə başçısının fərman və sərəncamları, tapşırıqları əsasında aktiv və hərtərəfli sosial müdafiə tədbirləri geniş şəkildə həyata keçirilməkdədir. Dövlətimizin başçısı daim bildirib ki, şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq. Dövlətimiz hər zaman onların qayğısına qalacaqdır.
Tarixi Zəfərimizin iki ili tamam olur. Ötən müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş yaşayış məntəqələri ilə bağlı çox mühüm tədbirlərə start verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Azərbaycan xalqı, onun mərd övladları bir daha bütün dünyaya sübut etdilər ki, Qarabağ-Azərbaycandır!
Yaşasın müstəqil, qüdrətli Azərbaycan dövləti, yaşasın Ali Baş Komandan!
Əminə Ağazadə
Milli Məclisin deputatı