
2020-ci il müasir dünya tarixində bütün dünyanın bir fikir – koronavirus pandemiyası ilə bağlı birləşməsi, daha doğru desək, bir-birindən təcrid olunması, iqtisadi çətinliklər ilə yadda qaldı. Ancaq Azərbaycan xalqı, bəlkə də, yeganə xalqdır ki, bu ili sevinclə, fərəh və qürur hissi ilə tarixinə yazdı: 2020-ci il bizim bir neçə əsr boyu məğlubiyyətlərimizin, torpaq itkilərimizin və son 30 ildəki üzqaralığımızın, əzilməyimizin zəfərlə başa çatması, igid türk oğlu adımızın bərpası ili oldu.
Bəli, «Dəmir yumruq» əməliyyatı zəfərlə başa çatdı. Azərbaycan xalqı öz əzmini, birliyini, bütün təsir və təzyiqlərə rəğmən sınmadığını, əksinə, birləşdiyini, gücləndiyini sübut etdi. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, «hamıya sübut etdik ki, Azərbaycan xalqını əzmək, alçaltmaq olmaz». Biz səbrli də olarıq, dözümlü də ola bilərik. Ancaq kükrəyə də bilərik və kükrədik, torpaqlarımıza alnı açıq, üzü ağ, zəfər bayrağı ilə qayıtdıq.
Dekabrın 10-da xalqımız qələbəsini Zəfər paradı ilə qeyd etdi. 30 ilə yaxın bir dövr ərzində işğal altında olan tarixi torpağını azad edən müzəffər Ordu öz «Zəfər paradı» ilə həm də bu gün Cənubi Qafqazda ən qüdrətli, müasir, güclü Ordu olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bakının Azadlıq meydanı bir çox hadisələrin, gərgin anların şahidi olmuşdur. Burada müstəqillik qazandıqdan sonra bir neçə dəfə hərbi parad keçirilmiş və bunlar bizim haqqımızı tapdalamağa çalışan, qəsbkar qonşularımıza havadarlıq edən güc sahiblərinə bir mesaj idi. Bu göstərirdi ki, münaqişə sülh yolu ilə həll edilməsə, Azərbaycan dövləti onu hərb yolu ilə həll etmək iqtidarındadır. Bundan əvvəlki hərbi paradda Respublikamızın Prezidenti İ.Əliyev cənabları xalqına müraciət edərək bildirmişdi ki, növbəti hərbi parad Qələbə paradı olacaq və Şuşaya sancılan Zəfər bayrağı bu meydana gətiriləcək. Bu gün biz onun öz xalqına verdiyi bu sözə əməl etdiyini gördük: Şuşaya sancılan Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikası qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi.
Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət iştirak edirdi, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Bu qənimət düşmənin bu gün hansı vəziyyətə düşdüyünü göstərir. Nə vaxtsa ordusunun Bakıya çatacağı ilə guya bizə hədə-qorxu gələn düşmənin hərbi qüvvəsi bu gün bizim rəşadətli döyüşçülərimizin əlində onların özlərinə qarşı tuşlanmışdı. Bəli, həmin silahlar Bakıdadır – ancaq məğlub ordudan alınmış hərbi qənimət qismində.
44 günlük müharibənin hər saniyəsində qardaş, dost və müttəfiq Türkiyə Cümhuriyyəti Azərbaycanın yanında olduğunu göstərdi, kimin dost, kimin düşmən olduğunu aşkar etdi. Bu Zəfər paradı Azərbaycan xalqının qardaş və dostlarına qürur, düşmənlərə isə kədər və göz dağı verdi.
Yaşasın bu qələbəni bizə yaşadan Ali Baş Komandanımız və onun başçılığ altında irəliləyən qalib Azərbaycan Ordusu. Yaşasın aranlı-dağlı, Qarabağlı şanlı vətənimiz – Azərbaycan.
Bu günlərimiz üçün canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!!!
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı