“Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”

“2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu.

Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün illüziya və planlara birdəfəlik son qoyuldu. Qondarma “Dağlıq Qarabağ” üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı.”

Moderator.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir: “30 ilə yaxın dövr ərzində ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Bu gün hər kəs bilir ki, 2003-cü ildən Vətən müharibəsi başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə hazırlıq dövrü kimi yadda qalıb. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər reallaşdırdığı uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etdi. İlk növbədə, məhz iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bununla da Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün əlverişli zəmin yaratdı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillər idi və ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, Müzəffər Ordu, milli həmrəyliyimiz bizi Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.”

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız 30 il davam edən beynəlxalq riyakarlıq qarşılığında bu addımı atmaq məcburiyyətində qalıb: “BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bildi. Sonda Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu.”

K.Qafarov belə bir məqamı da vurğulayıb ki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin simvolu olmaqla xalqımızın qan yaddaşına əbədi həkk olunub: “ Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də o idi ki, bu möhtəşəm tədbir Azərbaycan-Türkiyə ittifaqının getdukcə daha da gücləndiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycanın tarixi Qələbəsinin şərəfinə keçirilən bu Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər”.

 

Mənbə

Share: