Zəngəzur azərbaycanlılarının inancları

Zəngəzur azərbaycanlılarının inanclar sistemi bu bölgənin tariiı, aborigen xalqın etnogenez prosesi qədər qədim və mürəkkəbdir. Bu inanclar dünyanın bütün xalqlarında olduğu kimi tarixən formalaşmış, adət-ənənələrdə, məişətdə, təsərrüfat həyatında, mərasimlərdə öz yerini tutmuşdur.

 

İbtidai icma dövründən başlayaraq insanlar təbiət hadisələri (zəlzələ, sel, ildırım, tufan, quraqlıq və s.) və həyat çətinlikləri (xəstəlik, sonsuzluq, kasıblıq, qorxu və s.) qarşısında aciz qalarkən müxtəlif inanclara pənah gətirmişdilər. Azərbaycanın digər bölgələrində olduğu kimi, Zəngəzurda da əhalinin əsrlər boyu inandığı, tapındığı, genetik yaddaş və həyati təcrübə ilə nəsildən nəsilə ötürülən bir çox inanclar bu gün də yaşamaqdadır. İnancların bəziləri təbiət hadisələri ilə bağlı sınamalardan, bəziləri təlqindən irəli gəlsə də, əksəriyyəti, şübhəsiz ki, xurafatdır, heç bir elmi və məntiqi əsası yoxdur. Buna baxmayaraq bu inancların bir çoxu bizim yaddaşımızın və şüurumuzun alt qatında özünə yer eləmiş, necə deyərlər, möhürünü vurmuş, naxışını salmış, icrası psixi avtomatizm halını almışdır.

 

Məsələn: süfrəyə duz tökülən kimi avtomatik olaraq duzun üzərinə bir parça qənd qoyuruq ki, evdə dava düşməsin. Bu inanc, heç şübhəsiz ki, duzun defisit və bahalı olduğu erkən orta əsrlərdən gələn təcrübə əsasında formalaşıb, indi isə heç bir mənası olmasa da, inanc şəklini alıb və çox yerlərdə ciddi şəkildə bu inanca əməl olunur.


İnanclar dinlərdən əvvəl yaranıb, lakin bir çox dinlərin yayılmasında inanclardan geniş istifadə olunub. Müxtəlif dinləri yayan missionerlər inancları öz dinlərinin möcüzəli, xilaskar qüvvəsi kimi insanlara təlqin edirdilər. Empirik insanlarda zaman- zaman belə bir təsəvvür formalaşmışdı ki, sınamalar, inanclar tanrının fövqəl gücünün ifadəsidir və bu gücə tabe olmamaq, ona qarşı getmək insanlara bədbəxtlik, bölgəyə fəlakət gətirə bilər. Beləliklə, dinlər bir – birini əvəz etdikcə insanların inancları da çoxalmağa başladı, hər din yeni bir inanclar sistemi yaratdı. 


Zəngəzurun ilk sakinlərindən olan prototürklər – sak və kimmerlər bu bölgəyə bizim  eradan əvvəl VII əsrdə gəlib yerləşmişdilər. Saklar və kimmerlər bütpərəst – çoxallahlı idilər və müxtəlif allahlara tapınırdılar: ağaca, dağa, daşa, suya və s. fövqəl qüvvə kimi baxırdılar və sitayiş etirdilər. Ağaca parça bağlamaq, dağa and içmək, hər hansı qaya parçasına qurban aparmaq, yuxunu suya danışmaq əski əcdadlarımızın inancları kimi bu günümüzə qədər gəlib çıxmışdır.


IV əsrdə Zəngəzura gələn hunlar özləri ilə şamanizm elementləri ilə yanaşı Tanrıçılıq kultunu da gətirdilər. Hunların tanrısı Göy Tanrı idi və hunların təsəvvürünə görə yeri, göyü, bitkiləri, heyvanları, insanları  külli- aləmi Göy Tanrı yaratmışdı. Tanrıçılıq inancları- aya, ulduza, göy üzünə salavat çevirmək, ildırıma, yağışa qurban kəsmək, yuxunu suya danışmaq kimi qədim inanclar indiyə qədər Zəngəzur azərbaycanlılarının tapanaqlarıdır.

Şaman kultu- ağaca əski parçası bağlamaq , daşa, dağa səcdə etmək, ruhların mövcudluğuna inam, qaraçuxa inancı, körpəni pis nəfəsdən qorumaq üçün 40 gün yanına heç kəsi buraxmamaq, göz muncuğu taxmaq, totemlərə inanmaq və onları müqəddəsləşdirmək, ayri- ayrı heyvanları müqəddəs bilmək- öküzə, qartala, ata, qurda inam. Öküzün, atın başının skletini həyətin darvazasından yaxud çəpərdən asmaq, təzə tikilən evin qapısından at nalı asmaq, qurd yağından yaxud qurdun pəncəsindən çəkinmək, atın gecələr cinlər tərəfindən minilməsinə inanmaq kimi inanclar da hunlarla birlikdə Altay- Tibetdən bölgəmizə gəlmiş oldu.


Hunlardan sonra Qafqaza, eləcə də Zəngəzura gələn Qıpçaqlar da tanrıçı idilər, lakin onların bir qismi sonradan xristianlığı qəbul etdilər. İndi bizim Qarabağda və Zəngəzurda Alban abidələri kimi təqdim etdiyimiz xristian məbədləri də məhz xristian qıpçaqlara məxsusdur.  Müsəlmanlığı qəbul edən qıpçaqlar, eləcə də XI əsrdə bölgəyə gələn səlcuqlar Qarabağda və Zəngəzurda xristian qıpçaqlara uzun illər boyu “din ayrı qardaş” deyə müraciət edirdilər. Təəssüf ki, onların bəziləri sonradan qriqorianlığı qəbul edərək erməniləşdilər və öz qövmünə qənim kəsildilər. 


Zəngəzur əhalisinin inanclar sistemində zərdüştilik və atəşpərəstlik inancları da kifayət qədər geniş yayılmışdır.

Zərdüştilik və atəşpərəstlik inanclarına görə  yanan şamı üfürüb söndürmək, yanan ocağa su tökmək günah sayılır. Şamın, çırağın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir. Odu söymək, yaxud oda boş yerə and içmək böyük günahdır. Odu su ilə söndürmək olmaz.


Bu inanclara görə günəşə, oda, işığa sitayiş, pirlərdə şam yandırmaq, təzə məzarın üzərində od qalamaq kimi rituallar insanları fəlakətlərdən qoruyur, evə ruzi- bərəkət, ruhlara dinclik gətirir. Novruz bayramı ilə bağlı inancların tarixi çox qədim olsa da bu inanclar əsasən zərdüştilik və atəşpərəstlik dövründə formalaşmış və geniş yayılmışdır.


İslam dini ilə bağlı inanclar- Allaha inam, Peyğəmbərə inam, Qurana inam, Mələklərə inam, Əli çapan daş əfsanəsi, Həzrət Əlinin Düldül atı ilə, Xıdır Nəbi ilə bağlı inanclar və s inancla da Zəngəzur sakinlərinin inanclar sistemində özünə möhkəm yer tutmuşdu.


İnancların tarixi qədim, coğrafiyası isə genişdir. 


…Heç şübhəsiz ki, Zəngəzurda olan inancların bir çoxu ölkəmizin digər bölgələrində də, həmçinin bir çox ölkələrin xalqları arasında da yayılmışdır.


… Heç şübhəsizdir ki, bu inancların bir çoxu xurafatdır, reallıqla uzaqdan- yaxından əlaqəsi yoxdur.


… Amma bu inanclar bizim tariximizdir, taleyimizdir, xarakterimiz, emosiyamızdır. İnanclar da folklorumuz, adət- ənənələrimiz və digər dəyərlərimiz kimi milli sərvətimizdir.


… Hamımızın inandığımız, tapındığımız, dünyanı inandırmağa borclu olduğumuz bir mütləq həqiqət,  müqəddəs İNANCIMIZ da vardır: “Zəngəzur Azərbaycandır!”

 

Zəngəzur inanclarından bəzi nümunələr:

 


Qara Çuxa baxtdır, taledir. Qara Çuxa adamın arxasınca gəzib-dolanır, adama kömək eləyir. Qara Çuxa adamnan gəzib dolanmırsa, demək, o adamın baxtı yatıb. Belə olanda deyərlər ki, filankəsin Qara Çuxası yatıb. Yox, əgər adamın Qara Çuxası yatmayıbsa, onda deyərlər, flankəsin Qara Çuxası dik durub.


 ***


Evdə adam olmasa da, içəri girəndə salam verərlər. Deyərlər, evdə kimsənələr var. Onlar evə xeyir- bərəkət gətirir, qaranquş donunda adamın yuxusuna girir.


 *** 


 Süpürgəni yandıranda qar yağar.


 ***


 Dörd yaşına qədər uşağa mal-heyvan, qoyun-keçi ürəyi yedirtməzlər ki, uşaq qorxaq olmasın.


 ***

Duzla baş darağını qonşuya verməzlər. Versən, evdən başağrısı əskik olmaz.


 ***


Süd bişirəndə ocaqdan qonşuya köz verməzlər. Əgər versən, onda gərək süd qazanının üstünə kömür, ya da göy ot atasan. Yoxsa mal-heyvan süddən kəsilər.


 ***


Bayquş qapıda xeyirliyə ulamaz. Ona görə kösöv atıb, onu qovarlar. Ya da bayquş qonan ağacın altına duz-çörək qoyub deyərlər: “Sən bu duz-çörək, çıx get”.


 ***


Canavar hansı kəndin yanında balalasa, o kəndin mal-heyvanına dəyməz.


 ***


At sahibi şər vaxtı qonşuya tərəzi verməz. Versə də, əvəzində nəsə bir şey alıb saxlayar. Yoxsa ata qada- bala gələr.


 ***


Atın üstündə meyid aparanda gərək atın qulağına deyəsən ki, meyid aparırsan. Yoxsa at çatlayar.


 ***


Qara süpürgə boldusa – qış sərt gələcək.


 ***

Ay təzə çıxanda salavat çevirərlər.

 

***


Göy guruldayanda salavat çevirərlər.


 ***


Göy guruldamamış çöldən pencər yığıb yemək haramdır.


 ***

Uşağı gecə cəviz ağacının altında saxlasan, suyun üstündən adlatsan, vurğun vurar.


 ***


Yazı düzündə taxıl susuzluqdan yanırmış. Camaat Allaha üz tutub deyir: “Ay Allah, yağış yağdır, bulaq üstə qurban kəsəcəyik!” Yağış yağır, camaat aparıb Yazı düzünün yuxarı dərəsindəki bulağın üstündə öküz kəsir. O vaxtdan o bulağın adı qalır Nəzir bulağı.


 ***


Gəlini gətirəndə qırmızı geyindirərdilər. Əlinə çıraq verərdilər. Üzünə güzgü tutardılar. Qardaşı bir dəsmala çörək qoyub, gəlinin belinə bağlayardı ki, gəlinin getdiyi ev çörəkli olsun.


 ***


Gəlini atdan düşürəndə qaynata gəlinə atdandüşdü (inək, qoyun) verərdi. Gəlinin ayağının altında qoyun kəsərdilər. Gəlin gələndə ayaqyalın gələrdi. Çünk ayaqqabı darlıqdır; ayaqqabı qız evindən şər gətirir. Əgər gəlin ayaqqabıyla gəlsəydi, qapının ağzında çıxartmalıydı ki, onunla gələn şər evə ayaq açmasın.


 ***


Təzə gəlin birinci dəfə bulağa gedəndə qızlar bulaq üstə şirni paylayırlar ki, təzə gəlinin ayağı uğurlu olsun.


 ***


Yağış yağmayanda qurban kəsib deyərlər: “Allah, biz sənə can borcluyuq, qurban borcluyuq. Sən də bizə çörək borclusan”.


 ***


Yağış yağmayanda bir cöngəni aparıb kövşənin başına dolandırırlar. Sonra seyid dua oxuyur, cöngəni kəsirlər, ətini oradaca bişirib yeyirlər. (O əti evə gətirmək olmaz.). 


 ***


Kiçik cillədən on gün sonra Xıdır Nəbi bayramı keçirirlər. Kirkirədə qovut çəkirlər, xəşil bişirirlər. Bir az qovut götürüb qoyurlar eşiyə. Qovutu ələklə yaxşıca sığallayıb hamarlayırlar ki, Xıdır Nəbinin çəliyinin izi düşsün. Xıdır Nəbi çəliyini qovuta bassa, ev-eşiyə bərəkət gələr.


 ***


Xıdır Nəbidə bir qab qovutu aparıb zəmiyə səpərlər ki, taxıl bol olsun.


 ***


Deyirlər, köhnə ildən təzə ilə keçəndə su dayanır, at gövşəyir, ağaclar səcdəyəgəlir. Söyüd deyir: “Mən də, mən də”. Bu vaxt kim nə niyyət eləsə, niyyəti qəbul olur.


 ***

Yazın birinci günü yağış yağsa, yaz yağıntılı olacaq. Yazın ikinci günü yağış yağsa, yay, üçüncü günü yağış yağsa, payız yağıntılı olacaq.


 ***


Deyirlər, el dağa gedəndə bir qadının sancısı tutur. Bir daşın dibində həmlini qoyur yerə. O daş, qadını naməhrəm gözündən gizlədir. Daşın adı qalır Daş hərəmi.


 ***


Zahı arvadın ayağının altına qayçı, bıçaq, tüfəng qoyurlar, yaxasına iynə-sancaq taxırlar, dörd tərəfinə sicim sərirlər, yastığının altına duz, çörək qoyurlar, suyu xəncərləyirlər ki, hal gəlib onu aparmasın.


 ***


Halın boynundakı muncuğu götürüb evdə saxlasan, hal o evə yaxın düşməz.


 ***


Bir kişinin qırx oğlu varmış. Bir gün onlar namaz qıldıqları yerdə daşa dönüblər. 


Kişi Allaha şükür eləyib ki, mənim balalarım ibadət vaxtı ölüblər. Allahın xoşuna gəlib kişiyə bir oğul da verib. “Qırxlar piri” o vaxtdan qalmadır.


 ***


Gecə yuxunu qarışdırıbsansa, səhər durub itə çörək atırsan, toyuğa dən verirsən, sonra gedib yuxunu suya danışırsan, xətər sovuşur.


 ***


“Göbəkdaşı” bizim Üçtəpə tərəfdə, “Arpa dağı”yla “Buğda dağı”nın arasındadır. Uşağı olmayan qadınlar Göbəkdaşına gedərlər. Qarınlarını açıb, göbəklərini o daşın göbək yerinə qoyarlar, fırlanarlar ki, uşaqları olsun.


 ***


Deyirlər, Humay adlı bir qadın varıymış, uşağı olmurmuş. Niyyət eləyib gedir, başını bir qayanın üstünə qoyub yatır.Ondan sonra uşağa qalır. O vaxtdan o qayaya “Humay qayası” deyirlər. Camaat ora ziyarətə gedir.


 ***


Zəngəzurun Qarakilsə rayonunda “Qırxqız qayası”nın dibində bir göl var. Deyirlər, bir gün qırx qız bu göldə çimirmiş. Birdən hay düşür ki, qoşun gəlir. Qızlar geyinməyə macal tapmırlar. Göyə üz tutub deyirlər: “Allah, sən bizi qurtar, rüsvay  olmayaq!”


Allah bunların sözünü eşidir. Qaya paralanır, qızlar övliya olub qayaya çəkilir. İndi “Qırxqız qayası” ocaqdır. Camaat ora ziyarətə gedir.

 

 

Musa Urud,

Millət vəkili

 

***

Həmçinin oxuyun:

Zəngəzuru tanıyaq və tanıdaq!  – Birinci məqalə

Zəngəzuru tanıyaq və tanıdaq! – İkinci məqalə

Zəngəzurla bağlı bilməli olduğumuz VACİB FAKTLAR

Ermənilər Zəngəzura necə köçürülmüşdü – TARİXİ FAKTLAR

Qərbi Zəngəzurun iqtisadi inkişafında azərbaycanlıların rolu

Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatı 

Zəngəzurda toylar belə olarmış – MARAQLI TARİXÇƏ

Mənbə

Share: