Zəngəzur dəhlizi Zəngilanda müzakirə ediləcək

16-17 noyabr 2023-cü il tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan  Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə Milletinsesi.az-a İqtisadiyyat İnstitutundan məlumat verilib.

Konfransda “Zəngəzur dəhlizi”nin region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, onun texniki-iqtisadi və maliyyə təminatı məsələləri, dəniz daşımalarına mümkün təsirləri kimi problemlər müzakirə olunacaq.

Nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, Orta dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası daşımaçılıq üzrə ekspertlər Konfransda iştiraka dəvət ediliblər.

Konfrans, birinci iş günü Zəngilanda, ikincisi isə Bakıda olmaqla 2 gün ərzində əyani formada keçiriləcək. Məruzə və müzakirələrin İnternet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.

Konfransın işçi dilləri – Azərbaycan, türk, ingilis və rus dilləri olacaq.

İştirak üçün müraciətlər, məqalələr və məruzə tezisləri bu il oktyabrın 15-dək ([email protected]) qəbul ediləcək

Konfransın materialları kitab şəklində nəşr olunacaq. Təqdim olunan əsərlərin tərtibi qaydaları ETN İqtisadiyyat İnstitutunun saytında yerləşdirilib (//economics.com.az/).
Əlavə məlumatları Təşkilat Komitəsinin əlaqələndiricisi, i.f.d., dosent Azər Səfərovdan almaq mümkündür (mob.: +994 50 747 26 49).

Mənbə

Share: