Zahid Oruc sədrlik etdiyi mərkəz 2 milyona ofis tikdirir

“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.

Millətin Səsi.az Anyus.az-a istinadən xəbər verir ki, tenderin qalibi TVM İnşaat MMC (VÖEN- 1101408601) olub.

Açıqlanan rəsmi məlumatda göstərilir ki, TVM İnşaat MMC Sosial Tədqiqatlar Mərkəzinin sifarişi əsasında bu qurumun obyektinin tikintisini həyata keçirəcək.

MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün Sosial Tədqiqatlar Mərkəzindən 1 milyon 810 min manat alacaq. Tikinti işlərinin bu ilin iyul ayında başladığı və ilin sonunda başa çatacağı bildirilir.

Məlumat üçün bildirək ki, TVM İnşaat MMC 25.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, m. 8 olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Onu da bildirək ki, millət vəkili Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinə inzibati bina tikdirməsi üçün 2019-cu ildə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib.

Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18 ünvanında tikiləcək inzibati binanın ikimərtəbəli olması nəzərdə tutulub. Binanın ümumi sahəsi isə 2091,3 kv. metr olacaq.

Share: