Zakir Həsənov Ordumuzu təbrik etdi

Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Nazirlikdən Millətin Səsi.az-a bildirilib ki, təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi Ordumuz bu gün dünyanın ən güclü ordular sırasında yer almaqla eyni zamanda regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir.

Hərb tariximizin şanlı səhifəsi sayılan 103 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Ötən il dekabrın 10-da Azadlıq meydanında təşkil olunan Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hər zaman olduğu kimi bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!”

Share: