
“Çünki o, doğrudan da Vətənini sevən peşəkar və bacarıqlı sərkərdə, Elbrus Orucovdan fərqli olaraq tabeliyində olan zabit və əsgərlərlə öz arasında qarşılıqlı etibar və sədaqət qazanmış bir komandir idi…”
“Azərbaycan ordusunun Ermənistan ərazisinə uğurlu hücumlarından, eləcə də Qarabağdakı müvəffəqiyyətlə nəticələnən, amma yarımçıq dayandırılmış azadetmə əməliyyatlarından sonra ermənilərdə belə bir təəssürat yaranırdı ki, Azərbaycan öz torpaqlarını azad etmək və Ermənistana qalib gəlmək gücünə malikdir, lakin nədənsə məqsədyönlü şəkildə bunu etmir…”
Əvvəllər də qeyd etdiyimiz kimi, 2020-ci ilin 44 günlük savaşında işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsindən bəri Moskva Azərbaycan və Ermənistandakı agentura şəbəkələri vasitəsilə Qarabağdakı durumu hər vəchlə 1988-1994-cü il səviyyəsinə çatdırmağa, yəni proseslərin müstəqil(!) Azərbaycan dövlətinin öz təşəbbüsü ilə deyil, Kremlin istək, plan və ssenarisi əsasında yönəldilməsinə, daim təxribatların törədilməsinə, Azərbaycanın hərbi və siyasi-diplomatik təşəbbüslərinin yarımçıq saxlanmasına və s. çalışır. Bu gün rəsmi Moskvanın Laçın rayonunda – Ermənistanla sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsi qurmasına reaksiyası və ümumiyyətlə, Yuxarı Qarabağın digər ərazilərinin, xüsusən də Xankəndi və Xocalının nəzarətə götürülməsi cəhdlərimizi əngəlləməyə çalışması da bunun sübutudur. Bir sözlə, keçmiş səhvləri təkrarlamamaq və tarixdən ibrət dərsləri almaq üçün o dövrün təcrübəsini öyrənməkdə fayda vardır…
Sabiq ədliyyə naziri Əlisaab Orucov 1988-ci ildən, yəni Qarabağda Kremlin, İrəvanın və bir sıra xarici güclərin təhriki ilə ermənilərin başlatdığı separatçı-terrorçu hərəkat başlanandan respublikanın o dövrdəki müxtəlif rəhbərlərinin göstərişi ilə həmin hərəkata qarşı bacardığı qədər mübarizə aparmış, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlı əhalinin öz doğma yurdlarını tərk etməsinin qarşısını almaq və s. üçün əlindən gələni etmişdir. Erməni-azərbaycanlı münaqişəsinin artıq hərbi əməliyyatlarla və ərazilərimizin işğalıyla müşayiət olunduğu bir dövrdə – 1992-ci il aprelin 8-dən 1992-ci ilin iyulunadək Azərbaycan Prezidentinin keçmiş Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlar üzrə səlahiyyətli nümayəndəsi olmuş keçmiş nazir Moderator.az əməkdaşı ilə söhbətində əlində olan sənədlər, həmçinin özünün “Mübarizəmiz Qarabağdadır” kitabındakı şahid ifadələri əsasında həmin müddətdə, o cümlədən Şuşa və Laçın rayonlarının işğalı zamanı şahidi və iştirakçısı olduğu, bəziləri hələ mediada işıqlandırılmamış və geniş ictimaiyyətə bəlli olmayan bir sıra fakt və olaylar haqda xronoloji ardıcıllıqla danışır…
1992-ci il aprelin 27-də Zəngilan rayonunun Şayıflı kəndindən başlanmış əməliyyatdan təxminən bir il sonra -1993-cü il aprelin 10-da cəsur komandir Firudin Şabanovun rəhbərliyi ilə Zəngilandan Qafan-Meğri istiqamətində daha bir uğurlu əməliyyat keçirilmişdi. Təəssüf ki, ordumuz 40-50 km Ermənistanın içərilərinə irəlilədikdən sonra yenə də rəhbərliyin göstərişi ilə əməliyyat yarımçıq dayandırılmışdı…
Azərbaycanın igid hərbçiləri mənim Prezidentin cəbhə zonasında səlahiyyətli nümayəndəsi olduğum və sonrakı dövrdə də belə uğurlu, lakin, əfsus ki, yarımçıq dayandırılmış əməliyyatların çox şahidi olub…
…28 avqust 1992-ci ildə Milli Ordumuzun birləşmələri bundan öncə dəfələrlə erməni hücumlarına məruz qalmış Gədəbəy rayonu ərazisindən hücuma keçərək Ermənistanın Krasnoselsk rayonunun Orconikidze kəndi və orada olan yüksəklikləri azad etmişlər. Yenə də onlara əlavə kömək göndərilməmiş, əksinə, geri çəkilmək əmri verilmişdir…
3 oktyabr 1992-ci ildə Laçın rayonunun cənub – Qubadlı istiqamətindən kəndlərinin azad olunması əməliyyatlarında iştirak edən tabor komandiri, sonradan Milli Qəhrəman adına layiq görülmüş Əliyar Əliyev rayonun Fətəlipəyə kəndi yaxınlığında, yəni rayon mərkəzinə 10-15 km qalmış müəmmalı şəraitdə şəhid oldu. Və komandanlığın göstərişi ilə əməliyyat dayandırıldı. Belə ki, həmin hücumla paralel Milli Ordu əsgərləri Laçın polis tağımının döyüşçüləri ilə birgə Laçın rayonunun şimalından – Kəlbəcər istiqamətindən kəndləri azad edərək təxminən oktyabrın 8-də rayon mərkəzinə daxil olmalı və cənubdan gələn qüvvələrlə birləşməli idilər. Təəssüf ki, şimaldan gələn qüvvələrimiz 7 oktyabr 1992-ci ildə Laçın rayon mərkəzinə 6 km qalmış – Mərkiz yüksəkliyindəki tele-qüllə və Sus kəndi istiqamətində hərəkət edərkən respublikanın siyasi və hərbi rəhbərlikləri şifro-teleqramla onların da hücumunu dayandıraraq geri çəkilmələri haqda əmr veriblər…
29 dekabr 1992-ci ildə Milli Ordumuzun birləşmələri Tovuz rayonundan Ermənistanın Berd rayonu, Gədəbəy rayonundan Ermənistanın Krasnoselsk və Qazax rayonundan Ermənistanın İcevan və Noyemberyan rayonları istiqamətində əlaqəli və planlı şəkildə hücuma keçərək düşmən qüvvələrinin yerləşdiyi tarixi ərazilərimizə daxil olub və bir neçə yaşayış məntəqəsini ələ keçirib. Ordumuz bundan sonra daha da irəliləyərək işğalçı ölkənin adı çəkilən rayon mərkəzlərini də ələ keçirməkdə ikən Müdafiə Nazirliyindən əlavə kömək göndərmək əvəzinə, hərbi birləşmə komandirlərinə geri çəkilmək əmri verilib…

Belə misalların sayını kifayət qədər artırmaq olar.
Maraqlıdır ki, ordumuzun Ermənistan ərazisinə daxil olduğu bu cür hallarda həmişə geri çəkilmə haqda əmr verilərkən adı çəkilən sərhədyanı rayonların keçmiş Dağlıq Qarabağla sərhəddə olmadığı əsas gətirilib. Halbuki, düşmənin də Ermənistan ərazisindən hücuma keçərək sərhədyanı Laçın, Kəlbəcər, Zəngilan və s. əraziləri işğal etməsi və bizim də Ermənistan ərazisinə daxil olmaqla erməniləri işğal etdikləri Azərbaycan Respublikası ərazilərindən çıxarmağımızın mümkünlüyü nəzərə alınmayıb. Özü də Milli Ordu və polis qüvvələrimiz hər dəfə ermənilərin işğalına cavab olaraq hücuma keçib Ermənistan ərazisinin müəyyən hissəsini ələ keçirdikdən sonra düşmənlər dərhal hiyləgərcəsinə Azərbaycan tərəfinə atəşkəs barədə müraciət edir, atəşkəs əldə olunduqdan bir müddət sonra isə qüvvələrini toplayıb yenidən Azərbaycan torpaqlarına soxulurdular. Məsələn, 1992-ci ilin dekabrında ordumuzun Zəngilan istiqamətindəki hücumundan sonra ermənilərin xahişi ilə atəşkəs elan edildikdən az sonra Ermənistan ordusu gözlənilmədən hücuma keçərək neçə-neçə sərhədyanı kəndimizi işğal etmiş və onların sakinlərini qətliama məruz qoymuşdu…
Bir sözlə, belə qənaətə gəlinir ki, 1992-1993-cü illərdə Azərbaycanın ərazi bütövluyü uğrundakı döyüşlərdə ümumilikdə Azərbaycan əsgəri əlindən gələni edərək üzərinə düşən vəzifələri maksimum yerinə yetirməyə çalışıb. Lakin o vaxtkı hakimiyyət bundan sanki sui-istifadə edirdi. Nəticədə Azərbaycan ordusunun Ermənistan ərazisinə uğurlu hücumlarından, eləcə də Qarabağdakı müvəffəqiyyətlə nəticələnən, amma yarımçıq dayandırılmış azadetmə əməliyyatlarından sonra ermənilərdə belə bir təəssürat yaranırdı ki, Azərbaycan öz torpaqlarını azad etmək və Ermənistana qalib gəlmək gücünə malikdir, lakin nədənsə məqsədyönlü şəkildə bunu etmir…
Hesab edirəm ki, Şuşa və Laçın rayonlarının işğalına səbəblər arasında da obyektiv amillərdən çox məhz bu cür subyektiv amillər böyük rol oynayıb. Bunlardan biri öncə qeyd etdiyimiz Zəngilandan Qafan-Meğri istiqamətindəki əməliyyatın durdurulması idi. Şuşa və Laçının işğalına aparan digər subyektiv və zənnimcə, əsas amil Müdafiə Nazirliyi tərəfindən həmin bölgədəki hərbi birləşmələrdə aparılmış struktur və kadr dəyişiklikləri olub. Belə ki, 1992-ci il aprelin sonunda müdafiə naziri Rəhim Qazıyev Şuşa və Laçın ərazisindəki briqadaya komandirlik edən polkovnik Zaur(yaxud Zadir) Rzayevi polkovnik-leytenant Elbrus Orucovla əvəzləyir, Zaur Rzayev isə Kəlbəcər istiqamətinə göndərilir. Nazirin 30 aprel 1992-ci il tarixli 0151 saylı əmri ilə isə 1988-ci ildən bəri Laçın rayonunun həm Ermənistan, həm də keçmiş Dağlıq Qarabağ istiqamətindən müdafiəsini təşkil edən Arif Paşayevin komandirlik etdiyi 811 saylı hərbi hissəni, yəni əlahiddə Laçın dağ-atıcı alayını ləğv edərək onu yeni briqada komandiri Elbrus Orucovun tabeliyinə verilir.

Şuşa və Laçının işğalı ərəfəsindəki və sonrakı hadisələrin təhlili göstərir ki, Şuşanın işğalından az əvvəl Zaur Rzayevin Elbrus Orucovla əvəzlənməsi, eləcə də Laçın alayının ləğvi və nəticədə hərbi birləşmələrdə pərakəndəlik yaranması həmin bölgələrin işğalına şərait yaradıb. Əgər Zaur Rzayev briqada komandiri kimi Şuşa və Laçın ərazilərində qalsaydı, həmin bölgələr heç bir vaxt işğal olunmazdı. Çünki o, doğrudan da Vətənini sevən peşəkar və bacarıqlı sərkərdə, Elbrus Orucovdan fərqli olaraq tabeliyində olan zabit və əsgərlərlə öz arasında qarşılıqlı etibar və sədaqət qazanmış bir komandir idi. İkincisi də, o, artıq bir müddət bəhs edilən bölgələrdə olduğundan həmin ərazilərin əməliyyat və relyef şəraitini də mənimsəmişdi. Dediklərimizi Zaur Rzayevin sonradan -1992-ci ilin yay-payızında Kəlbəcər istiqamətindəki briqadanın komandiri kimi Laçın rayonunun onlarla kəndinin azad edilməsinə və ordumuzun Laçın şəhərinin 4-5 kilometrliyinədək gəlib çıxmasına nail olması da sübut edir. Təəssüf ki, öncə qeyd etdiyimiz kimi, o dövrkü hərbi-siyasi komandanlığın xəyanətə bərabər əmrləriylə həmin hücum da dayandırılmışdı…
O vaxtkı müdafiə naziri Rəhim Qazıyevin sonrakı açıqlamalarında 1992-ci il aprelin 30-da Laçın alayının ləğv olunmasıyla bağlı əmrin verilməsinə əsas səbəbkar kimi günahlandırdığı sabiq Baş Qərargah rəisi Şahin Musayevə gəlincə….
(Davamı var)
Təqdim etdi: Sultan Laçın