Zelenski “F-16” qırıcılarının Ukraynaya verilməsi barədə danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarından cəmi 12 ədəd “F-16” qırıcısı alacaqlarını gözlədiyini, ancaq daha çox sayda təyyarənin təhvil verilməsi ilə bağlı razılığa gəlmək mümkün olduğunu etiraf edib.

Bu barədə Ukrayna Prezidenti avqustun 23-də Krım Platformasının üçüncü sammitinin yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.

“F-16”ya – gələcək donanmamızın əsas təyyarəsinə gəlincə, Danimarka ilə dəqiq razılaşma var, bizim 19 qırıcımız olacaq, onlar müxtəlif mərhələlərdə gələcəklər… Niderlandla 42 təyyarə olması barədə razılaşdıq, onlarda daha çoxu yoxdur. Bu təyyarələrdən 18-də təlim keçəcəyik. Uçmağı öyrənəndə bu 18 təyyarəni əldə edə biləcəyik. Ümumilikdə bu çox sayda təyyarədir. Açığını deyim, biz tərəfdaşlarla danışıqlar apararkən heç olmasa 12 təyyarə olmasını gözləyirdik”, – V.Zelenski qeyd edib.

Ukrayna lideri təyyarələrin təhvil verilməsinin pilotların hazırlanmasından və infrastrukturdan asılı olacağına diqqət çəkib: “Təəssüf ki, bu, sürətli olmayacaq və bu, bizdən asılıdır, çünki biz öz pilotlarımızı, mütəxəssislərimizi, mühəndislərimizi təmin etməliyik. Belə deyim, pilotlara onlarla mütəxəssis xidmət göstərir. Ona görə də hərtərəfli seçimlər etmək vacibdir, mən hələ tərcüməçilər və başqalarından danışmıram. Bundan əlavə, infrastrukturumuzu buna uyğun hazırlamalıyıq. Başa düşürsünüz də, bizim infrastruktur “F-16”lar üçün deyil”.

V.Zelenski Yunanıstanla pilotların təlimi üçün platformanın təmin edilməsinə dair razılaşmalar əldə olunduğunu da açıqlayıb.

Mənbə

Share: