Zurabişvili Cümə məscidində

Gürcüstan Prezidenti Salome Zurabişvili müqəddəs Ramazan bayramı münasibətilə iyunun 4-də Tbilisidəki Cümə məscidini ziyarət edib.

Azərtac xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi hacı Yasin Əliyev Prezident Salome Zurabişvilini salamlayıb və müsəlmanları təbrik üçün məscidə gəldiyinə görə ona minnətdarlıq edib.

Y.Əliyev deyib ki, bu gün Gürcüstanda bütün dini qurumlar dövlətdən bərabər şəkildə yardım alır. Məscidlər və digər dini ibadət ocaqları dövlət hesabına təmir olunur. Baş nazirin təşəbbüsü ilə paytaxt Tbilisidə, eləcə də digər dövlət və hökumət üzvlərinin iştirakı ilə bölgələrdə iftar süfrələri açılıb. Bütün bunlar Gürcüstanda tolerantlığın və demokratiyanın mövcudluğunu sübut edir.

Müqəddəs Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Prezident Salome Zurabişvili deyib: “Bu gün Ramazan bayramında sizinlə bir yerdə olmaqdan çox xoşbəxtəm. İslam bərabərlik, sülh və əmin-amanlıq dinidir. Bu gün Gürcüstanda tolerantlıq hökm sürür. Lakin əfsuslar olsun ki, dünyanın bəzi yerlərində vəziyyət heç də belə deyil. Ona görə də biz birlikdə möhkəm olmalıyıq ki, nəyə qadir olduğumuzu hamı görsün”.

Müsəlmanların hər zaman Gürcüstan dövlətinin yanında olduqlarını və onun dövlətçiliyinin möhkəmlənməsinə çalışdıqlarını söyləyən S.Zurabşvili bildirib: “Bu şəhərdə sizin yeriniz hər zaman olub. Şəhərin mərkəzində belə bir məscidin mövcud olması da bunu sübut edir”.

Qeyd edək ki, Gürcüstan müsəlmanları müqəddəs Ramazan ayının başa çatmasını bu gün qeyd edirlər. Bayram namazını qılmaq üçün yüzlərlə müsəlman bu gün sübh tezdən Tbilisidəki Cümə məscidində toplaşıb.

 

Share: