İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milletinsesi.az  sərəncamın mətnini təqdim edir:

1. İsmayıllı rayonunun əhalisi 37660 nəfər olan 7 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Share: