“Palmali” gəmisi Lerikli şəhid qardaşlarının adını daşıyacaq – Foto

“Palmali” Şirkətlər Qrupu növbəti gəmiyə Vətən müharibəsinin şəhidləri İman və Bəhram Məmmədzadə qardaşlarının adını vermək qərarına gəlib.

Millətin Səsi.az xəbər verir ki, 7 min 500 DWT daşıma qabiliyyətində olan kimyasal tanker Yalovanın “Doğru yol” tərsanəsindən aprelin 26-da dünya sularına yola salınacaq. 140 metr uzunluğunda, 17 metr enində olan nəhəng tanker Vətən müharibəsinin şəhidləri İman və Bəhram Məmmədzadələrin adını daşıyacaq.

Qeyd edək ki, Vətən uğrunda eyni gündə şəhid olan iki qardaş – İman və Bəhram Məmmədzadələr 44 günlük İkinci Qarabağ müharibəsində igidlikləri ilə seçiliblər. Qardaşlar hərbi xidmətə eyni gündə yola salınlb, eyni hərbi hissədə xidmət ediblər və eyni gündə də qəhrəmanlıqla həlak olublar.

Bakı şəhəri Binə qəsəbəsində doğulan əslən Lerikdən olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədzadələr Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gələrək hərbi xidmətə çağırılmalarına 1 il qalmasına baxmayaraq hərbi komissarlığa gedib könüllü şəkildə Orduya yazılıblar. 2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda ilk olaraq cəbhəyə yola düşüblər. Döyüşlərə Füzuli rayonunda başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad olunmasında iştirak ediblər. Qardaşlar noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən qızğın döyüşlərdə şəhid olublar. Şəhid qardaşlar İman və Bəhram “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Xatırladaq ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holdinq”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holdinq”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları verilir. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. “General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb. Aprel ayının 16-da isə Bolqarıstanın Varna şəhərindəki “Terem Shipyard” tərsanəsindən, II Qarabağ müharibəsində şəhid olmuş Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə veriləcək. Şəhid qardaşlar İman və Bəhramın adını daşıyacaq tanker isə 15 gün sonra dünya sularına yola salınan üçüncü gəmi olacaq.

Share: