“12-ci imama hər ay pul verirdi, amma uşağına aliment ödəmirdi”

Özünü “12-ci imam” kimi təqdim edərək bir qrup şəxsin pullarını mənimsəyən Aqil Babayevin məhkəməsi davam etdirilir.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan proses zamanı məlum olub ki, külli miqdarda pulu zəkat, yardım adıyla mənimsəməkdə ittiham olunan A.Babayevə pul verənlərdən biri də Mehman Baxşızadədir.

 

Maraqlıdır ki, illərlə “12-ci imam”a hər ay pul verən M.Baxşızadə ailəsinə borclu olduğu alimenti ödəmirmiş. Onun keçmiş həyat yoldaşı iddia edib ki, Mehman birgə nikahdan dünyaya gəlmiş qızına aliment vermir.

 

Mehman Baxşızadə ifadəsində deyib ki, Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edərək ona hissə-hissə 10 min manat pul verib:

 

“Onun evlərinin təmir-tikintisində iştirak edirdim. Hər dəfə “İmam Mehdi” söhbətlərinə görə evdə həyat yoldaşım mənə gülürdü. Mən də bunu İmam Aqil Babayevə danışdım. Dedi ki, sənin həyat yoldaşın şeytandır, ondan ayrıl. Mən də Aqilin bir sözü ilə iki qızım olan ailəmi dağıtdım. Bir müddət sonra “İmam Mehdi”nin tövsiyə etdiyi qadınla ailə qurdum. Bu nikahdan da bir qız dünyaya gəldi. Amma bir müddət keçəndən sonra həyat yoldaşımın “İmam Mehdi” ilə sevgi münasibətlərini əks etdirən məktublar tapdım. Oxuduqlarımı həzm edə bilməyib həyat yoldaşımdan ayrıldım. Amma Aqil Babayevin özünə bu haqda heç nə demədim. Əksinə, onunla münasibətləri davam etdirib əvvəlki kimi zəkat verməyə davam elədim. Bu proses o, həbs olunana qədər davam elədi”.

 

M.Baxşızadənin keçmiş həyat yoldaşı məhkəmədə aylıq 500 manat aliment tələbi ilə iddia qaldırıb. Məsələyə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyub.

 

Qeyd edək ki, A.Babayev 2007-2020-ci illərdə dini məclislər təşkil edərək inanclı insanları özünün İmam Mehdi olmasına inandırıb. Yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. A.Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanılır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara zorakılıq edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. Onun aldatma yolu ilə vətəndaşlara vurduğu ümumi ziyanın məbləği 2,5 milyon manatdır.

Mənbə

Share: