150 milyon uşağın boyu qısa qalır – Dövrümüzün dəhşəti

Hazırda 59 ölkədən 41 milyon uşağın hər birinin köməyə ehtiyacı var. Aclıq və ölümün sərhədlərində yaşayan bu uşaqlar üçün həyatı normal məcrasına qaytarmaq üçün 4 milyard dollar lazımdır.

Suriya, Yəmən, İraq, Banqladeş və bir çox Afrika ölkəsində milyonlarla azyaşlı ağır şərtlər daxilində yaşamağa məcburdur.

9 ildir müharibədən yaxa qurtara bilməyən Suriyanın 904 milyon, dünyanın ən böyük aclıq böhranının yaşandığı Yəmənin 542 milyon, yoxsulluq və quraqlığın vətənlərindən biri olan Konqonun 326 milyon, soyqırımdan və irqçi zülmdən qaçaraq Banqladeşə sığınan myanmalı müsəlmanların 150 milyon, savaş cəhənnəminin ortasında qalan iraqlı uşaqların isə 73 milyon dollara ehtiyac var.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, hər 5 saniyədə 1 uşaq aclıqdan ölür. 300 trilyon dollar maddi vəsaitin olduğu bir dünyada uşaqlar bir parça quru çörək tapa bilmədiyi üçün can verir.

Hesabata görə, son illərdə aclıqdan əziyyət çəkən insanların sayı üç dəfə artıb. Keçən il təxminən 1 milyard (821 milyon) nəfərə yaxın insan “normal qidalanmamış” kimi qeydiyyata alınıb.

Quraqlıq, müharibə, iqlim dəyişikliyi

Qida çatışmazlığına səbəb olan faktorlara müharibələr, kəskin iqlim dəyişikliyi, quraqlıq, təbii fəlakətlər və ölkələr arasında siyasi çəkişmələr daxildir. Son illərdə müharibələr və ölkələr arasındakı siyasi-iqtisadi qarşıdurmaların ön plana çıxdığı bildirilir. Yəni insanları ac saxlayan yenə insanların özləridir. Bu səbəblərdən dünyada hər doqquz insandan biri acdır. Hər altı uşaqdan biri də acdır.

Afrika ölkələri Eritreya və Burundi aclığın ən çox təsir etdiyi ölkələrdir. Bölgədə 2000-ci ildə bu yana uşaqların aclıqdan ölməsi nisbəti bir qədər yaxşılaşsa da, vəziyyət hələ də narahatedicidir. BMT-yə bağlı ayrı-ayrı qurumların hesabatlarında “gizli aclıq”dan da bəhs edilir. Hesabata görə, vitamin və mineral çatışmazlığı səbəbindən hər il 1.1 milyon uşaq həyatını itirir. Araşdırmaçılar bu məsələnin həlli ilə bağlı mübarizə aparılmasa, nəticələrin daha ağır ola biləcəyinə diqqət çəkir.

Sosial ədalətsizlik

117 inkişaf etməkdə olan ölkə üçün hazırlanmış “Qlobal Aclıq İndeksi” hələ dünyada aclığın ciddi problem olduğunu göstərir. Əvvəlki illərlə müqayisədə vəziyyətin bir qədər yaxşı olduğu iddia edilsə də, hələ də 52 ölkədə yaşayan insanların ciddi və narahatlıqverici səviyyədə aclıq çəkdiyi qeyd edilir.

İqtisadi böhranlar səbəbindən gəlirlərin bərabər bölüşdürülmədiyi bu ölkələrdə insanlar normal qidalana bilmirlər. Həmin indeksə görə, bu ölkələrdə iki milyona yaxın aclıqdan öldüyü halda, 161 milyon uşağın qida çatışmazlığından boyu qısa qalır. Normadan az qidalanan uşaqlar ortalama boydan daha qısa olurlar.

Bu məsələdə ən pis nümunə Cənubi Afrika Respublikasıdır (MAR). Uşaqların məcburi şəkildə hərbi xidmətə götürülərək, savaşa məcbur edildiyi ölkədə yaşayan azyaşlılar üçün heç bir yardım edilmir. Bəzi ölkələr isə lazım olan məlumatları əldə edə bilmədikləri üçün indeksdə yer almır. Həmin ölkələrdə vəziyyətin daha fəlakətli həddə olduğu ehtimal olunur.

İndeksi hazırlayanlar Suriya, Cənubi Sudan, Liviya, Konqo, Eritreya, Bəhreyn, Butan, Brundi və Somali kimi ölkələrin silahlı qarşıdurmalar və siyasi qeyri-sabitlik səbəbindən olduqca riskli olduğuna diqqət çəkirlər. Hər il orta hesabla təxminən 41 min nəfərin silahlı qarşıdurmalar səbəbindən öz evlərini tərk etdiyi bildirilir.

Müharibədən daha dəhşətli

Dünyanın gündəmi hər nə qədər Suriyada gedən müharibəyə fokuslansa da, daha yeddi ölkədə insan faciəsi yaşanır. Dünyanın gözlərindən qıraqda olan bu ölkələrdə milyonlarla insan köməyə möhtacdır. Bu ölkələrdə həyatı yenidən bərpa edə bilmək üçün milyardlarla dollar maddi vəsaiti ehtiyac var. Burundi, Kamerun, Mərkəzi Afrika Respublikası (CAR) Haiti, Nigeriya, Cənubi Sudan və Yəməndə aclıq, quraqlıq, vətəndaş müharibəsi, şiddət və terrorizmin qurbanına çevrilən insan ölümlə burun-buruna yaşayır.

Afrikanın mərkəzində yerləşən Burundidə 15 ildir vətəndaş müharibəsi yaşanır. Ölkədə yaşayan 3 milyon insan köməyə möhtacdır. Burundidə vəziyyəti normallaşdırmaq üçün 100 milyon dollara ehtiyac var.

Milyonlarla insanın ac və susuz olduğu Kamerunda uşaqların həyatı təhlükədədir. 3 milyon insanın kömək gözlədiyi ölkə 500 milyon dollarlıq yardıma möhtacdır.

Həyatı normal məcrasına qaytarmaq üçün 500 milyon dollara ehtiyacı olan, yoxsulluq və müharibənin məkanı MAR-da vətəndaş müharibəsi pik həddədir. Təcavüzkarlığın, irqçi hücumların hər keçən gün artaraq davam etdiyi ölkədə 2 milyon insan kömək gözləyir.

Karib dənizindəki Haiti iqtisadiyyatı yox səviyyəsində olan bir Amerika ölkəsidir. Təbii fəlakətlərin belini bükdüyü Haitidə 2.5 milyon insan köməyə möhtacdır.

Terrorun və müharibənin qurbanı olan Nigeriyada 8 milyon insan aclıq və yoxsulluqla burun-buruna yaşamaq uğrunda mübarizə aparır.

Həlsiz problemlər – Cənubi Sudan

Bölünmənin rahatlıq gətirmədiyi coğrafiya. Cənubi Sudanda 5 milyon insan müdafiəsizdir, əksəriyyəti evlərini tərk edib. Afrikanın ən gənc ölkəsi olan və 2011-ci ildə Sudandan ayrılan Cənubi Sudan vətəndaş müharibəsi, aclıq və soyqırım təhlükəsi ilə üz-üzədir. Beynəlxalq təşkilatların haqqında hesabat hazırlamaqdan başqa heç bir kömək göstərmədiyi Cənubi Sudanda qeyri-sabitlik və vətəndaş müharibəsi səbəbindən 2 milyon insan öz vətənini tərk etməyə məcbur oldu, on minlərlə insan həyatını itirdi.

Yəmənlilərin yarıdan çoxu ölümün sərhədlərində yaşayır. 2015-ci ildə bu yana davam edən vətəndaş müharibəsi Yəmən xalqını fəlakətə sürüyür. 28 milyon sakini ilə dünyada aclığı ən çox hiss edildiyi ölkə olan Yəməndə 10 milyon uşaq kömək gözləyir./Teleqraf.com

Share: