4 iyunda Surət Hüseynovun 69 tərəfdarının qətli haqda rəqəmi ilk dəfə kim səsləndirib?..

Etibar Məmmədov: “Bu rəqəmlər həmin dövrdə Azərbaycanın Prezidenti olan Əbülfəz Elçibəyin yaratdığı dövlət komissiyasının Gəncəyə gedib-gələndən sonra parlamentdə oxunmuş rəyinin mətnindən götürülüb…”

 

1993-cü il iyunun 8-də  Azərbaycan parlamentdə 4 iyunda Gəncədə baş vermiş qiyam zamanı baş verənlərin müzakirəsi zamanı o vaxtkı hakimiyyətə müxalifətdə olan deputatların çıxışlarından belə məlum olur ki, guya həmin qarşıdurmada korpus komandiri, qiyamçı polkovnik Surət Hüseynovun 69 tərəfdarının həlak olub. Keçmiş Azərbaycan Xalq Cəbhəsi fəalları isə əslində Surət Hüseynovun tabeliyində olan hərbi və mülki şəxslər arasında yalnız 1 nəfərin həlak olduğunu, onun da  təxribat yaratmaq məqsədi güdən qüvvələr tərəfindən qətlə yetirildiyini bildirirlər…

Sözügedən tarixi iclasda  iştirak etmiş və öz çıxışında qeyd edilmiş rəqəmi səsləndirmiş istiqlalçı deputat, o vaxt  AXC hakimiyyətinə müxalifətdə olan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:

  

“30 ildi bunlar eyni şeyi təkrar-təkrar deyirlər. Və mən də daim demişəm ki, Gəncədə belə bir əməliyyat olub, bu barədə Təhlükəsizlik Şurasında qərar qəbul edilib. Mənim fikrimin qayəsi o idi ki, həmin  əməliyyat qeyri-qanuni olub. Ən əsası ordu birləşmələri qanunsuz şəkildə əməliyyata cəlb edilib. Bunu qanuniləşdirmək üçün Milli Məclisin icazəsi alınmalıydı. O vaxtkı Konstitusiyada belə nəzərdə tutulurdu. Yəni mənim məqsədim hakimiyyətin Gəncədəki əməliyyatın qanuniliyini təsdiqləməsi olub. Onlar isə uzun müddətdir deyirdilər ki, nə belə bir əməliyyat olub,  nə də onun haqqında qərar qəbul edilib. Amma üzərindən 25 il keçəndən sonra Daxili Qoşunların o vaxtkı komandanı Fəhmin Hacıyev bildirdi ki, 1993-cü il mayın 25-də hakimiyyət rəhbərliyi tərəfindən Təhlükəsizlik Şurasının iclası keçirilib və Gəncədə əməliyyat keçirilməsi haqda qərar qəbul olunub. Bir neçə il bundan öncə də o günlər baş nazir olmuş Pənah Hüseyn həmin iclasın stenoqramını mətbuatda çap etdirdi. Nəticədə bəhs edilən iclasın olması da, əməliyyat barədə qərarın qəbul edilməsi də təsdiq olundu. Yəni bunlar yalnız 25 ildən sonra təsdiqini tapdı. Amma elə həmin dövrdə, yəni 1993-cü ilin iyunun əvvəlində AXC hakimiyyəti belə bir iclasın olmasını etiraf edərək orada verilən qərarların qanuniliyini sübut etsəydi, başqa proseslər baş verə bilərdi. Bu, məsələnin bir tərəfi…”

 

Siyasətçi açıqlamasının davamında bildirib ki, onun 8 iyun 1993-cü ildə parlamentdə səsləndirdiyi rəqəm və faktlar rəsmi mənbəyə əsaslanıb.

 

“İkincisi, 8 iyun iclasında kimsə deyirsə ki, 4 iyun olayları zamanı Gəncədə 69 insan həlak olub, bunu öncə mən deməmişəm. Bu rəqəmlər həmin dövrdə Azərbaycanın Prezidenti olan Əbülfəz Elçibəyin yaratdığı dövlət komissiyasının Gəncəyə gedib-gələndən sonra parlamentdə oxunmuş rəyinin mətnindən götürülüb. Həmin rəqəmin 69, 79, yaxud 9 olmasının mənə heç bir aidiyyatı yoxdur. Çünki o rəqəmi mən müəyyənləşdirməmişəm. Odur ki, qeyd edilən rəqəmi səsləndirdiyimə görə mənə qarşı irad bildirilə bilməz. O ittihamı irəli sürən adamlar da indiyədək 30 il ərzində Gəncədə həlak olan, yaralanan adamların siyahısını tərtib edərək konkret neçə adamın öldüyünü, neçəsinin yaralandığını dəqiq müəyyən etməli idilər. Amma indiyədək bu edilməyib. Bu olmadığı halda isə başqalarına irad tutmaq olmaz.  Və bir daha təkrar edirəm ki, 4 iyunda Gəncədə keçirilmiş əməliyyat qanunsuz olub və oraya göndərilmiş və həmin əməliyyatda iştirak etmiş Prezident qvardiyasının Prezidentin əmrindən kənar başqa  əməliyyatda iştirak etmək ixtiyarı yoxdur. Prezident isə deyəndə ki, mənim qvardiyamın haraya getməsindən xəbərim yoxdur, bu, dövlətin daxilindəki tam özbaşınalıq, səriştəsizlik və bacarıqsızlıqdan xəbər verir.   Bunun nəticəsini də biz gördük və həmin hakimiyyət özünü qoruya bilmədi. Və Gəncədə də hansısa tabe olmamaq halları var idisə, bunların qarşısını almaq da qanuni yollarla və ictimai rəyi öz tərəfinə çəkməklə  olmalıydı. Eyni zamanda o vaxtkı ordunun üzərində nəzarət hüququ olan Milli Məclisin vasitəsilə həyata keçirilməli idi”- deyə davamında siyasətçi vurğulayıb.

 

Zəruri şərh: 

 

Doğrudan da 8 iyun 1993-cü tarixli iclasın video-lentini izlədikdə məlum olur ki,  həmin il iyunun 4-də guya Gəncədə hökumət qüvvələrinin Surət Hüseynovun tabeliyində olan 709 saylı hərbi hissəyə hücum zamanı basqın zamanı 69 nəfər hərbi qulluqçu və mülki şəxsin öldürülməsi, 150-dən çox əsgər və zabitin yaralanması haqda məlumat bəhs edilən hadisələrin araşdırılması üçün o vaxtkı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin yaratdığı dövlət komissiyasının rəyindən götürülüb. O rəyin mətnini isə iclasda  eyni komissiyanın üzvü olmuş deputat, yazıçı-şair Sabir Rüstəmxanlı oxuyur. Üstəlik, onun səsləndirdiyi faktlara nə iclasda iştirak edən dövlət başçısı Əbülfəz Elçibəy, nə parlament sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov və s. etirazını bildirir…

 

Sultan Laçın 

 

Mənbə

Share: