Dekabrın 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 154 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Millətin Səsi.az-a verilən məlumata görə, monitorinq 151 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. 63 nəfər “COVİD-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.