Əmək və əhalinin məşğulluğunun artırılmasına yönəlmiş özünüməşğulluq layihəsi növbəti iri satınalma ilə gündəmə gəlib. Belə ki, Dövlət Məşğulluq Agentliyi bu çərçivədə “Agro Best” şirkəti ilə 66 milyon 150 min manatlıq müqavilə bağlasa da, alınacaq heyvanların sayı və digər detallar açıqlanmayıb. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb, hətta bəzi iddialarda layihə iştirakçılarına yararsız heyvanların verildiyi bildirilir.
66 milyonluq bu layihə korrupsiya yeminə çevrilə bilər? Belə risk varmı? Nəzarət hansı formada həyata keçiriləcək?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu layihənin icrası üzərində ciddi nəzarət və vətəndaş nəzarəti mexanizmləri qurularsa, onun müsbət nəticə verməsi mümkündür:
“Yəni əsas məsələ layihənin şəffaf və səmərəli icrasını təmin edəcək təsirli nəzarət mexanizmlərinin yaradılmasıdır. Əvvəlki illərdə oxşar layihələrin həyata keçirilməsi zamanı yolverilən nöqsanlar və problemlər bu dəfə təkrarlanmamalıdır. Söhbət böyük həcmdə dövlət vəsaitindən gedir. Vəsait məqsədyönlü və səmərəli şəkildə istifadə olunduğu halda real nəticələr görmək mümkün olacaq”.

Natiq Cəfərli
İqtisadçı qeyd edib ki, belə bir layihənin həyata keçirilməsi təsadüfi deyil və mövcud ehtiyacdan irəli gəlir:
“Son illər Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Bu tendensiyanın qarşısını almaq üçün müxtəlif həll yolları axtarılır. Sözügedən layihədə həmin həll variantlarından biri ola bilər. Lakin bunun üçün layihənin icrası şəffaf aparılmalı, ayrılan vəsaitlərin xərclənməsi üzərində ciddi nəzarət təmin edilməli və nəticələr mütəmadi qiymətləndirilməlidir”.
Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, dövlət satınalmaları şəffaf olmalıdır:

Əkrəm Həsənov
“Hansı məhsulun kimdən və hansı məbləğə alındığı barədə məlumat ictimaiyyətə açıqlanmalı, bu sahədə ictimai nəzarət təmin edilməlidir. Azərbaycanda dövlətsatınalmalarına etimad yüksək deyil. Cəmiyyətdə geniş yayılmış fikir odur ki, xüsusilə iri məbləğli satınalmalarda tenderlərin nəticəsi əvvəlcədən müəyyənləşdirilir və real rəqabət olmur. Buna görə də alınan malların həqiqi həcmi və qiymətinin bazar dəyərinə uyğun olub-olmaması ilə bağlı suallar yaranır. Malların keyfiyyəti barədə isə indidən qəti fikir söyləmək mümkün deyil. Bu, yalnız istifadədən sonra qiymətləndirilə bilər”.


