
“Azərbaycan tarixi” fənni üzrə 8-ci siniflər üçün nəzərdə tutulan dərslikdə ciddi tarixi səhvlər var.
Millətin Səsi.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
Alim dəsrlikdəki yanlışları bu cür sıralayıb:
“1. “Azərbaycanda ilk müstəqil xanlıq” bölməsinə nəzər salaq.
“Nadir şahın ölümündən sonra… çoxlu sayda müstəqil xanlıq meydana gəldi. Belə xanlıqlardan biri hələ Nadir şahın sağlığında müstəqil olmağa təşəbbüs göstərən Şəki xanlığı idi”.
Əgər Şəki xanlığı hələ Nadir şahın sağlığında, 1743-cü ildə müstəqilliyini elan edib və qoruyub saxlayıbsa, onun 1747-ci ildə Nadir şahın ölümündən sonra yaranan xanlıqlardan biri kimi təqdim edilməsi və sadəcə “müstəqil olmağa təşəbbüs göstərən” kimi yazılması elmi cəhətdən ziddiyyətlidir. Çünki o, artıq 1743-cü ildə müstəqil xanlıq idi.
2. Fətəli xanın fəaliyyətindən bəhs edən bölmələrdə bəzi xanlıqların Qubaya birləşdirilməsi ilə sadəcə vassallıq anlayışları bir-birinə qarışdırılır. Bu isə yeniyetmələri çaşdırır.
3. Səfəvi-Osmanlı müharibələri (XVI–XVII əsrlər) və xanlıqlar dövrünə aid bəzi xəritələrdə göstərilən sərhədlər mətndə təsvir olunan inzibati bölgü ilə tam üst-üstə düşmür.
4. Dərslikdə I Şah Abbasın 1593-cü ildə mərkəzi Ərdəbil olan vahid Azərbaycan bəylərbəyiliyini yaratdığı qeyd olunur. Lakin həmin dövrdə Təbriz və Azərbaycanın böyük hissəsi 1590-cı il İstanbul müqaviləsinə əsasən Osmanlı imperiyasının tərkibində idi və Şah Abbas bu torpaqları yalnız 1603–1607-ci illərdə geri qaytara bilmişdi.
5. Şamaxı xanlığında Məhəmmədsəid və Ağası xanların hakimiyyətdə olması “ikihakimiyyətli xanlıq” kimi təqdim edilir. Tarixşünaslıqda isə bu, ayrıca bir dövlət quruluşu forması deyil, sadəcə xanlığın iki hissəyə bölünməsi və feodal ara müharibələrinin nəticəsi idi.
6. Pənahəli xanın 1747-ci ildə deyil, məhz 1748-ci ildə Bayat qalasını tikdirməsi ilə xanlığın əsasını qoyduğu yazılır. Halbuki o, 1747-ci ildə Nadir şahın ölümündən dərhal sonra Qarabağa qayıdaraq özünü müstəqil xan elan etmişdi.
7. Azərbaycanı iki yerə bölünməsi və ermənilərin Şimali Azərbaycana köçürülməsi ilə bağlı Türkmənçay müqaviləsinə dair ciddi səhvlər var. Müqavilənin 15-ci maddəsinə əsasən ermənilərinİrandan Şimali Azərbaycana köçürülməsi təsvir edilərkən, onların məhz hansı tarixi ərazilərə yerləşdirilməsi ilə bağlı statistik rəqəmlərdə müxtəlif paraqraflarda fərqli rəqəmlər göstərilir. Eyni zamanda, o vaxt Qacar dövləti idi, “İran” adlı dövlət yox idi o vaxt. Müqavilədə Qacar dövləti yazılıbsa, niyə “İran” adı istifadə edilir?
8. Cəlalilər hərəkatı həm feodal zülmünə qarşı kəndli üsyanı, həm də Osmanlı işğalçılarına qarşı azadlıq mübarizəsi kimi təqdim edilir. Halbuki tarixi mənbələrə görə, Cəlalilərin bir qismi sonradan Səfəvi sarayına sığınmış, digər qismi isə yerli əhalini qarət edən silahlı dəstələrə çevrilmişdi.
Texniki səhvlərə baxın: “Şah I Abbasm hərbi uğurları” – Abbasın olmalıdır; 4-cü mövzuda isə “XVI əsrin ikinci yansı” – “yarısı” olmalıdır; 15-ci mövzuda gürcü çarının adı “II İrakli” əvəzinə “II trakli” kimi yazılıb”.
Alim bu cür səhvlərə kəskin etirazını bildirib.


