Heydər Əliyev adına Hərbi İnstitutda şəhid zabitin xatirəsi anılıb

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, hərbi institutun zabit, kursant və müəllim heyəti iştirak ediblər.

 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Anım mərasimində Q.Baxşəliyevin ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.

 

Çıxış edənlər şəhid zabit haqqında xatirələrini bölüşüblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açıblar.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsi uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.

Mənbə

Share: